Məzmuna keç

“Narkotiklərlə mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil” – Şahin İsmayılov

“Narkotiklərlə mübarizə iki əsas istiqamət üzrə aparılır. Bunlar narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması və narkotiklərə tələbatın azaldılması istiqamətində profilaktik tədbirlərin həyata keçirilməsidir”.

E-huquq.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə deyib.

Onun sözlərinə görə, mübarizənin birinci istiqaməti hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasını, aşkarlanan cinayət faktlarını və cinayət məsuliyyətinə cəlb olunan şəxsləri əhatə edir.

Ş.İsmayılov bildirib ki, ikinci istiqamət narkotik vasitələrə tələbatın azaldılması, yəni profilaktik və maarifləndirici tədbirlərin təşkilidir. Bu sahədə fəaliyyət yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın, müəllimin, həkimin, tələbə və şagirdin də üzərinə düşən vətəndaşlıq borcudur.

O qeyd edib ki, narkotiklərin zərərli təsirləri barədə cəmiyyətin məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə işinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Baş məsləhətçinin sözlərinə görə, Azərbaycanda narkotiklərlə mübarizə sahəsində 2025-2030-cu illəri əhatə edən beşinci Dövlət Proqramı qəbul edilib. Proqram ötən ilin sentyabr ayında Azərbaycan Prezidenti tərəfindən təsdiqlənib.

Ş.İsmayılov əlavə edib ki, ölkədə fəaliyyət göstərən bütün nazirliklər, komitələr və digər təşkilatlar da narkotiklərlə mübarizə istiqamətində müvafiq tədbirlər həyata keçirirlər.