“Bəzi gənclər davranış modeli kimi özlərindən yaşca böyük şəxsləri seçir, onların vərdişlərini və hərəkətlərini təqlid edərək narkotik vasitələrdən istifadəyə başlayırlar”.
E-huquq.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə deyib.
Onun sözlərinə görə, bu cür halların qarşısının alınması üçün gənclər arasında sağlam həyat tərzinin təbliği gücləndirilməlidir.
O, ölkədə narkotik asılılığından əziyyət çəkən şəxslərin reabilitasiyası məsələsinin də aktual problemlərdən biri olduğunu vurğulayıb.
Ş.İsmayılov qeyd edib ki, hazırda narkoloji müəssisələrdə əsasən detoksikasiya prosesi – orqanizmin zərərli maddələrdən təmizlənməsi həyata keçirilir. Lakin dövlət hesabına fəaliyyət göstərən stasionar reabilitasiya müəssisələrinin olmaması bu sahədə ciddi çətinliklər yaradır.
Onun sözlərinə görə, detoksikasiyadan sonra reabilitasiya prosesi davamlı və kompleks şəkildə təşkil edilməlidir: “Şəxsin səhər reabilitasiya müəssisəsinə gəlib axşam evə qayıtması effektiv nəticə vermir. Çünki həmin şəxs əvvəlki sosial mühitinə qayıdır və bu da reabilitasiyanın nəticələrinə mənfi təsir göstərə bilər”.
