Bildiyiniz kimi, Yeni il bayramı ilə əlaqədar 5 gün qeyri-iş günü olacaq. Cəmiyyətdə və sosial şəbəkələrdə yayılan informasiyalarda bayram tətilində karantin rejimi indikindən daha da sərtləşdiriləcəyi, aptek və marketlərin işləməyəcəyi bildirilir.
E-huquq.az məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb.
İ.Məmmədov e-huquq.az-a açıqlamasında bayram günlərində karantin rejiminin indikindən daha da sərtləşəcəyi barədə hər hansı bir məlumatın olmadığını bildirib. O qeyd edib ki, hazırda Nazirlər Kabinetinin məlum 488 saylı qərardan başqa heç bir məlumat yoxdur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarına əsasən, Azərbaycanda dekabrın 14-dən yanvarın 18-dək xüsusi karantin rejimi sərtləşdirilib.
