Məzmuna keç

Gürcüstan səfiri XİN-ə çağırıldı, ondan sərhəddəki insidentlə bağlı izahat istənildi

Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib

14 iyul 2019-cu il tarixində Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

E-huquq.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

XİN təəssüflə qeyd edir ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir: "Bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib".

Qeyd edək ki, iyulun 14-ü saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.