Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılan Vahid Əlaqələndirmə Mərkəzi bu gündən fəaliyyətə başlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib.
Qeyd edilib ki, mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər təqdim ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:
– müxtəlif arayışların verilməsi;
– əlilliyin müəyyən edilməsi,
– reabilitasiya vasitələri ilə təminat;
– məşğulluq xidmətləri;
– pensiya, müavinət və təqaüdlərin təyini;
– peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort tyovkaları ilə təminat.
Müdafiə Nazirliyi üzrə:
– şəhid və şəhid ailəsi statusu, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu;
– orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu;
– xəsarət və əlilliyin müəyyən edilməsi üzrə arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu;
– sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu.
Səhiyyə Nazirliyi üzrə:
– tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə:
– hərbi xidmətkeçmə haqqında arayış verilməsi;
– çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi;
– müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışların verilməsi;
– hərbi qeydiyyatda olma barədə arayış verilməsi.
Yerli icra hakimiyyəti orqanları üzrə:
– yaşayış sahəsinə ehtiyaca dair müraciətlərin qəbulu;
– yaşayış sahəsi üzrə növbəliliyin ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu;
– ailə tərkibi barədə və digər arayışların verilməsi;
– şəhid adının əbədiləşdirməsi barədə müraciətlərin qəbulu.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə:
– səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu;
– immunoprofilaktikaya dair məlumat verilməsi;
– tibbi arayışların elektron registrindən məlumatların verilməsi.
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə:
– həlak olmuş, əlilliyi müəyyən edilmiş və xəsarət almış hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu.
