Məzmuna keç

Boşanma zamanı əmlak bölgüsü necə aparılır?

Hazırda məhkəmələrin icraatında olan işlərin böyük bir hissəsini nikah münasibətlərinə xitam verməkdə olan ər-arvad arasında yaranmış əmlak mübahisələri təşkil edir

Hazırda məhkəmələrin icraatında olan işlərin böyük bir hissəsini nikah münasibətlərinə xitam verməkdə olan ər-arvad arasında yaranmış əmlak mübahisələri təşkil edir. “Hansı əmlak kimdə qalmalıdır?” kimi suallar bəzən insanların illərlə məhkəmələrdə vaxt itirməsinə, çox böyük çətinliklərlə qarşılaşmasına səbəb olur. Bəs vəziyyətdən çıxış yolu nədir?

Bununla bağlı e-huquq.az-ın suallarını vəkil Roman Qaraşov cavablandırıb.

Vəkil deyib ki, istənilən şəxs nikaha daxil olarkən və ya ondan sonra istədiyi vaxt nikah sazişi bağlaya bilər: “Bu zaman istər mövcud vəziyyətdə, istərsə də gələcəkdə yarana biləcək mübahisələri əvvəlcədən həll etmiş olar, çünki artıq qarşı tərəflə razılaşdırılmış tərəflərin əlində rəsmi sənəd olacaq. Lakin hazırkı dövrdə qanunun bu imkanlarında heç də səmərəli istifadə olunmadığından ər-arvad arasında əmlak mübahisələrinə Ailə Məcəlləsinin ümumi müəyyən etdiyi normalar çərçivəsində baxılır. Ər, yaxud arvaddan hər hansı biri həm nikah dövründə, həm də nikah pozularkən ümumi əmlakda olan payını müəyyən edə bilər”.

Onun sözlərinə görə, məhkəmə də ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir.

“Ər-arvaddan birinə dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verə bilər. Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və hətta boşanmasa da ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Uşaqlarla bağlı isə Ailə Məcəlləsinə deyilir ki, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ümumilikdə bu cür əmlak tələblərinin edilməsi üçün 3 illik müddət müəyyən edilmişdir. Ər-arvad arasında yuxarıda qeyd etdiyim kimi hər hansı rəsmi saziş yoxdursa, yaxud başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Amma məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ər-arvaddan birinin diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ümumi borcların ödənilməsi məsələsi də onların payına uyğun olaraq müəyyən edilir. Bir istisna hal da var ki, nikaha daxil olanadək tərəflərə məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Hər kəsin şəxsi istifadə şeyləri -geyim, ayaqqabı və sair də nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsus olaraq da qalır” – deyə, vəkil qeyd edib.