Məzmuna keç

Fransada Şamonda virusundan ilk insan ölümü qeydə alınıb

Fransada əvvəllər yalnız heyvanlarda müşahidə olunan Şamonda virusuna ilk dəfə insanda yoluxma halı qeydə alınıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer məlumat verib.

Onun sözlərinə görə, virusa yoluxan şəxs vəfat edib, hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Lindmayer bildirib ki, təşkilat Fransa səhiyyə orqanları ilə əlaqə saxlayır və yoluxma mənbəyi, virusun ötürülmə yolları, eləcə də ictimai sağlamlıq üçün mümkün risklər araşdırılır.

Fransa rəsmilərinin məlumatına görə, xəstədə virusla əlaqəli ola biləcək beyin fəsadları yaranıb. İmmunitet sisteminin zəif olması da xəstəliyin ağırlaşmasına təsir göstərmiş ola bilər.

ÜST hələlik virusla bağlı rəsmi risk qiymətləndirməsi aparmayıb. Lindmayer mövcud məlumatların hadisənin tək yoluxma halı olduğunu göstərdiyini və hazırda daha geniş yayılmanın gözlənilmədiyini bildirib.

Virusun ötürülməsində Culicoides cinsinə aid xırda milçəklərin rol oynadığı ehtimal edilir. Yoluxmanın dəqiq mənbəyi və mexanizmi isə hələ müəyyənləşdirilməyib.

Şəbnəm Mehdizadə