Məzmuna keç

“Microsoft” əməkdaşlarına könüllü işdən ayrılma təklifi edib

ABŞ-nin texnologiya şirkəti “Microsoft” ABŞ, Kanada, Hindistan və Böyük Britaniyada çalışan müəyyən əməkdaşları üçün könüllü işdən ayrılma proqramına başlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin insan resursları üzrə baş icraçı direktoru Emi Koulmanın əməkdaşlara göndərdiyi mesajda proqramın əhatə etdiyi bölmələrdə uyğun meyarlara cavab verən işçilərə könüllü şəkildə işdən ayrılmaq təklifinin təqdim ediləcəyi bildirilib.

Mesajda qeyd olunub ki, təşəbbüs şirkətdən kənarda yeni karyera yolu seçmək istəyən əməkdaşlara bu keçidi dəstəklə həyata keçirmək imkanı verir. Eyni zamanda, proqram şirkətin dəyişən ehtiyaclarına uyğun olaraq işçi qüvvəsini tənzimləməsinə şərait yaradır.

Açıqlamaya görə, məhdud müddət üçün nəzərdə tutulan proqram çərçivəsində uyğun əməkdaşlara “Microsoft”dan ayrılmaq üçün maliyyə dəstəyi və karyera planlaşdırılması üzrə resurslar təqdim ediləcək.

Beynəlxalq mətbuatda yayılan məlumatlarda isə “Microsoft”un yeni proqram çərçivəsində təxminən 60 min əməkdaşına könüllü işdən ayrılma təklifi təqdim edəcəyi bildirilib.

Şəbnəm Mehdizadə