“Apple” şirkəti satışa çıxarıldıqdan cəmi bir neçə gün sonra ekranında problemlər yaranan “iPhone Duo” smartfonlarını dəyişdirməyə hazırlaşır.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda texnologiya nəhənginin ilk qatlanan telefonunun ekranında yaranan xətlər əks olunub.
“Apple” bəzi cihazların daxili ekranına təsir edən problemdən xəbərdar olduğunu bildirib. Şirkət problemdən zərər çəkən istifadəçiləri cihazın dəyişdirilməsi üçün “Apple” ilə əlaqə saxlamağa çağırıb.
Ötən həftə satışa çıxarılan “iPhone Duo” dünya üzrə “Apple” mağazalarının qarşısında böyük izdiham yaradıb. Yeni model şirkətin məhsul çeşidini yeniləməyə və rəqiblərinin istehsal etdiyi qatlanan telefonlarla rəqabət aparmağa çalışdığı bir dövrdə bazara təqdim olunub.
Bəzi “Duo” istifadəçiləri ekranın mərkəzi qatlanma hissəsi boyunca çatların yarandığını göstərən fotolar paylaşıblar. Digərləri isə cihazı açarkən xırıltıya bənzər səs eşitdiklərini bildiriblər.
“iPhone Duo” istifadəçisi Castin Lokos ekranın sağ tərəfində xətlərin göründüyü cihazın şəklini paylaşıb. O, daha sonra zədələnmiş telefonun yanında yeni cihazın fotosunu yayımlayaraq Nyu-Yorkdakı “Apple” mağazasına göstərdiyi köməyə görə təşəkkür edib.
“Apple” problemdən neçə cihazın təsirləndiyini açıqlamayıb. Bununla yanaşı, nasaz telefonları əks etdirdiyi iddia olunan bəzi görüntülərin süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyi də ehtimal edilir.
Şəbnəm Mehdizadə
