ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başladığı 28 fevral tarixindən oktyabrın 16-dək təxminən 47,1 milyard dollar xərclədiyi bildirilir.
E-huquq.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ötən həftə İrana qarşı hərbi əməliyyatların dəyəri ilə bağlı Konqresə məlumat təqdim edib.
Pentaqonun əvvəlki qiymətləndirməsini açıqlamasından sonrakı təxminən altı həftə ərzində müharibənin xərcləri daha 3,5 milyard dollar artıb.
Məlumata əsasən, ABŞ-nin 28 fevral-16 oktyabr tarixlərində İrana qarşı əməliyyatlara sərf etdiyi vəsaitin 60 faizindən çoxu bomba, raket və digər sursatların alınmasına yönəldilib.
Bu məqsədlə çəkilən xərclər 29 milyard dollara çatıb. Nəticədə, “Patriot” hava hücumundan müdafiə raketləri də daxil olmaqla, bəzi mühüm silah sistemlərinin ehtiyatları azalıb.
Bundan əlavə, ABŞ Asiya və Avropada yerləşən hərbi qüvvələrinin sursat ehtiyatlarından da istifadə edib.
ABŞ bölgəyə 50 mindən çox hərbçi göndərib. Ordu əməliyyatlarına 2,1 milyard dollar, Hərbi Hava Qüvvələrinin qırıcı və bombardmançı əməliyyatlarına 7,6 milyard dollar və təyyarədaşıyan gəmilər də daxil olmaqla 20-dən çox hərbi gəminin bölgəyə yerləşdirilməsi üçün 1,5 milyard dollar xərcləyib.
Zədələnmiş və ya məhv edilmiş hərbi təyyarələrin və digər avadanlıqların əvəzlənməsi üçün 6,1 milyard dollar nəzərdə tutulub.
Xüsusi təyinatlı qüvvələrin bölgəyə göndərilməsi və təminatı üçün 645 milyon dollar, material və avadanlıqların daşınması üçün 92,2 milyon dollar, kiberməkanda dəstək əməliyyatları üçün 14 milyon dollar, tibbi təminat üçün isə 24,5 milyon dollar xərclənib.
Məlumata görə, müharibə zamanı 18 ABŞ hərbçisi həlak olub, 860-dan çox hərbçi isə yaralanıb.
ABŞ administrasiyası yeni silahların alınması və əlavə hərbi personalın təmin edilməsi məqsədilə 70 milyard dollar həcmində əlavə büdcə vəsaiti tələb edib.
Pentaqon məsələ ilə bağlı şərh sorğusuna hələlik cavab verməyib.
Şəbnəm Mehdizadə
