Məzmuna keç

Deputat: “Özəl məhkəmə ekspertizası institutu məhkəmə-hüquq islahatlarının davamıdır”

Bu layihə layihə məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən mühüm tədbirlərin davamı kimi qiymətləndirilməlidir.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov parlamentin bugünkü iclasında “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunlayihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, sənəd özəl məhkəmə ekspertizası institutunun formalaşdırılması üçün normativ-hüquqi əsaslar yaradır.

Deputat xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının 3.8-ci bəndində məhkəmə ekspertizası mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub.

“Təklif olunan qanun layihəsi müxtəlif qanunlarda ekspert fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələləri əhatə edir. Buraya texniki və təkmilləşdirmə xarakterli dəyişikliklərlə yanaşı, özəl məhkəmə ekspertlərinin vergi ödəyicisi kimi vergi uçotuna alınması, vergi bəyannaməsi təqdim etməsi, məhkəmə ekspertizası fəaliyyətindən əldə olunan haqların vergitutma obyektinə aid edilməsi, məcburi dövlət sosial sığortasına cəlb olunması və məşğul şəxslər kateqoriyasına daxil edilməsi daxildir.

Bundan əlavə, özəl məhkəmə ekspertləri barəsində intizam icraatının başlanılması və həyata keçirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması qaydalarının müəyyənləşdirilməsi, eləcə də “Özəl Məhkəmə Ekspertləri Palatası”nın yaradılması təklif olunur.

Layihədə, həmçinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsində nəzərdə tutulan özəl məhkəmə ekspertinin şəhadətnaməsinin sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısından çıxarılması təklif edilir.

Bu təklif onunla əsaslandırılır ki, eyni layihə ilə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əlavə edilməsi nəzərdə tutulan müddəaya əsasən, özəl məhkəmə ekspertinin fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur”, – deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə