Məzmuna keç

“Bu öhdəlik vəkillik peşəsinin sosial məsuliyyətini artıracaq”

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi vəkillik peşəsinin sosial məsuliyyətini artıracaq.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov parlamentin bugünkü plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, layihə ölkəmizin hüquq sistemində, xüsusilə də insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyur.

“Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər bir şəxsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin məhkəmə müdafiəsi və hüquqi yardım almaq imkanı təkcə kağız üzərində deyil, real həyatda hər bir vətəndaş üçün əlçatan olmalıdır. Təqdim olunan qanun layihəsi də məhz bu ali məqsədə – ədalət mühakiməsinə hamı üçün bərabər və maneəsiz əlçatanlıq prinsipinin reallaşdırılmasına xidmət edir. Bu sənəd sadəcə hüquqi norma və mexanizmlər toplusu deyil, sosial dövlət anlayışının real həyatda təzahürüdür. Layihənin əsas mahiyyəti ondan ibarətdir ki, cəmiyyətimizin kövrək zümrələri artıq maliyyə imkanlarından asılı olmayaraq dövlət hesabına keyfiyyətli hüquqi yardım ala biləcəklər. Bu yanaşma cəmiyyətin həssas təbəqələrinin hüquqi müdafiəsiz qalmasının qarşısını almağa imkan verəcək. Bununla yanaşı, qanun layihəsi hüquqi yardımın göstərilməsi mexanizminə də tamamilə yeni bir baxış gətirir. Belə ki, sənəddə hüquqi yardım ilkin və peşəkar hüquqi yardım olaraq iki səviyyəyə bölünür. Burada xüsusilə diqqət çəkən yenilik “paraleqal” institutunun və ali təhsil müəssisələrində “hüquq klinikaları”nın fəaliyyətinin qanunvericilik səviyyəsində təsbit olunmasıdır. Bu mexanizm xüsusilə regionlarda, ucqar kəndlərdə yaşayan vətəndaşlarımızın məlumatlandırılması, ərizə və müraciətlərinin hazırlanması prosesini sürətləndirəcək və hüquqi maarifləndirməni yeni səviyyəyə qaldıracaq”, – deyə deputat qeyd edib.
 
K.Bayramovun sözlərinə görə, layihədə vəkillərin il ərzində ödənişsiz hüquqi yardım göstərməsi öhdəliyinin nəzərdə tutulması vəkillik peşəsinin sosial məsuliyyətini artıracaq, cəmiyyətə xidmət ruhunu gücləndirəcək: “Bütün bu xidmətlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, xidmət haqlarının dəqiq misillərlə hesablanması və Vəkillər Kollegiyası tərəfindən elektron reyestrlərin, rüblük və illik hesabatlılığın aparılması sistemdə şəffaflığı və operativliyi təmin edəcək. “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin qəbul edilməsi, birmənalı olaraq, ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində dönüş nöqtəsi olacaq, sosial ədaləti möhkəmləndirəcək və hər bir vətəndaşın dövlətə olan inamını daha da artıracaq”.

Şəbnəm Mehdizadə