Filippinin cənub-şərqində yerləşən Mayon vulkanında baş verən püskürmədən sonra bölgədə 3-cü səviyyəli təhlükə siqnalı elan edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər vulkanın 6 kilometr radiusunda yerləşən yaşayış məntəqələrinin boşaldılmasını tövsiyə ediblər.
Ölkənin aktiv vulkanlarından biri hesab olunan Mayonda baş verən püskürmə ətraf ərazilərdə həyəcan siqnalının verilməsinə səbəb olub.
Hadisədən sonra vulkanın üzərində təxminən 3 min metr hündürlüyə qalxan kül buludu yaranıb. Rəsmilər bölgədə təhlükəli vulkanik aktivliyin baş verə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
“Inquirer” qəzetinin məlumatına görə, Filippin Vulkanologiya və Seysmologiya İnstitutu Mayon vulkanında yerli vaxtla saat 11:53-dən 11:59-dək püskürmənin qeydə alındığını açıqlayıb.
Paytaxt Maniladan təxminən 330 kilometr cənub-şərqdə yerləşən vulkanın püskürmə zamanı təxminən 3 min metr yüksəkliyə kül püskürtdüyü bildirilib.
Hadisədən sonra təhlükəli vulkan püskürməsi ehtimalının artması ilə əlaqədar 3-cü səviyyəli xəbərdarlıq elan edilib. Bundan əlavə, vulkanın 6 kilometrlik radiusunda yerləşən ərazilərin təxliyə olunması tövsiyə edilib.
Qeyd edək ki, Filippin zəlzələlərin və vulkan püskürmələrinin tez-tez baş verdiyi Sakit Okeanın “Alov halqası” adlanan seysmik zonasında yerləşir. Bu səbəbdən ölkədə çoxsaylı aktiv vulkanlar mövcuddur.
Şəbnəm Mehdizadə
