“Pulsuz hüquqi yardım haqqında” qanunun qəbul edilməsi Azərbaycanın hüquqi, demokratik və sosial dövlət olduğunu bir daha nümayiş etdirir. Bu qanun dövlətin vətəndaşlara diqqətinin və onların hüquqlarının qorunmasına verdiyi önəmin bariz nümunəsidir.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.
Deputat qeyd edib ki, maddi imkansızlıq səbəbindən bəzi vətəndaşlar öz hüquqlarını müdafiə etmək üçün məhkəmə imkanlarından lazımi səviyyədə yararlana bilmirlər. Yeni qanun məhz belə şəxslərin hüquqlarının qorunmasına xidmət edəcək:
“Dövlət büdcəsi hesabına vətəndaşlarımız hüquqlarının müdafiəsi üçün hüquqi yardım ala biləcəklər. Qanunda bu yardımdan yararlana biləcək şəxslərin dairəsinin geniş müəyyənləşdirilməsi dövlətin, ilk növbədə, həssas əhali qruplarına və dəstəyə ehtiyacı olan insanlara diqqətini göstərir”.
Deputat qanunun məzmununda hüquqi yardımın göstəriləcəyi şəxslərin dairəsi, yardımın alınma mexanizmləri, ödəniş qaydaları və digər mühüm məsələlərin nəzərə alındığını vurğulayıb.
Bununla yanaşı, deputat qanunla bağlı bir sıra məsələlərə aydınlıq gətirilməsinin vacibliyini qeyd edib.
O, ilk növbədə, pulsuz hüquqi yardım üçün dövlət büdcəsindən nə qədər vəsait ayrılacağının açıqlanmasını təklif edib. Deputatın sözlərinə görə, hüquqi yardıma ehtiyacı olan şəxslərin müraciətlərinin qarşılanması üçün ayrılacaq vəsaitin yetərli olması vacibdir. Əks halda, nəzərdə tutulan maliyyə resursları bütün müraciətləri təmin etməyə bilər.
Deputat ikinci məsələ kimi pulsuz hüquqi yardım ala biləcək şəxslərin dairəsinin genişləndirilməsini gündəmə gətirib. O bildirib ki, qanunda ailə başçısını itirmiş qadınlar və çoxuşaqlı ailələr kimi sosial baxımdan həssas qruplar ayrıca nəzərdə tutulmayıb.
“Bu kateqoriyadan olan şəxslərin də hüquqi yardıma real ehtiyacı ola bilər. Sabah onların hüquqi problemi yarandıqda dövlətin dəstəyindən hansı əsaslarla yararlana biləcəkləri sual doğurur”, – deyə deputat bildirib.
Bu baxımdan deputat pulsuz hüquqi yardım ala biləcək şəxslərin siyahısına “məhkəmə qərarı ilə bu kateqoriyaya aid edilən şəxslər” ifadəsinin əlavə olunmasını təklif edib.
Şəbnəm Mehdizadə
