Məzmuna keç

BMT: Qlobal istiləşmə buzlaqların əriməsini geri dönməz həddə çatdıra bilər

Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi, Beynəlxalq Kriosfer İqlim Təşəbbüsü (ICCI) və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) 80 alimi tərəfindən hazırlanan yeni hesabat dünyanın buzlu bölgələrinin təhlükəli dərəcədə ərimə prosesi ilə üz-üzə olduğunu ortaya qoyub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyədə keçirilən COP31 iqlim konfransı ərəfəsində təqdim olunan sənəddə xəbərdarlıq edilir ki, qlobal istiləşmənin Paris Sazişindəki 1,5 dərəcəlik hədəfi müvəqqəti olaraq aşması belə qütb buz təbəqələrinə və dağ buzlaqlarına ağır və geri dönməz ziyan vuracaq. Hazırda planetin sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,3 dərəcə istiləndiyini vurğulayan mütəxəssislər bildirirlər ki, istixana qazı emissiyalarının yetərincə azaldılmaması səbəbindən əsrin sonuna qədər istiləşmənin 1,5 dərəcəlik həddi aşması artıq qaçılmaz görünür. Lakin alimlər xəbərdarlıq edirlər ki, uzunmüddətli istiləşmənin idarəolunan olması ilə bağlı fikirlər yanlışdır və Yerin donmuş su ehtiyatlarına dəyən ziyanı minimuma endirmək üçün istiləşmə yenidən 1 dərəcədən aşağı səviyyəyə qaytarılmalı, atmosferdən kifayət qədər karbon çıxarılmalıdır.

Mövcud iqlim siyasəti davam edərsə, temperaturların 3 dərəcəyə qədər yüksələcəyi və bunun nəticəsində əbədi buzlaqların demək olar ki, tam ehtiyatını itirəcəyi, okean dövranında ciddi pozuntuların baş verəcəyi və okeanların turşulaşacağı proqnozlaşdırılır. Tədqiqatlar göstərir ki, hazırda Qrenlandiya və Antarktidadakı buz örtükləri 1990-cı illərlə müqayisədə təxminən altı dəfə daha sürətlə əriyir və onlar üçün təhlükəsiz uzunmüddətli temperatur həddi 1,0 dərəcəyə çox yaxındır. Temperatur həddi aşıldıqdan sonra dəniz buzlarının və buzlaqların bərpası əsrlər, hətta minilliklər çəkə bilər. Bu sürətli ərimə İsveçrənin son beş ildə buzlaqlarının 20 faizini itirməsi və Nepal-Çin sərhədində minlərlə insanın ölümünə səbəb olan böyük buz uçqunları kimi fəlakətlərlə özünü göstərir.

Buzlaqların əriməsi yüz milyonlarla insanı təhdid edən dəniz səviyyəsinin qalxmasına və su resurslarının tükənməsinə yol açır. Xüsusilə Alp, Qayalı dağlar, İslandiya və Skandinaviyada mövcud siyasətlər nəticəsində buzlaq kütləsinin həcmi 10 faizdən aşağı düşə bilər. Bəşəriyyətin dörddə birinin su mənbəyi olan Hindukuş-Himalay regionunda isə buzlaqların ən yaxşı halda 83, mövcud tendensiya ilə isə yalnız 41 faizi qala bilər. Mütəxəssislər vurğulayırlar ki, temperatur artımının 1,7 dərəcəni keçməməsi üçün dünya 2030-cu ilə qədər emissiyaları 18 faiz, 2035-ci ilə qədər isə 45 faiz azaltmalıdır, əks halda insan zaman miqyası baxımından nəticələri neytrallaşdırmaq mümkün olmayacaq.

Şəbnəm Mehdizadə