Yaponiya hökuməti və hakim koalisiya Baş nazir Sanae Takaiçinin ölkənin hərbi imkanlarını gücləndirmək strategiyası çərçivəsində müdafiə xərclərini növbəti beş il ərzində təxminən iki dəfə artırmağı nəzərdən keçirir.
E-huquq.az xəbər verir ki, “Reuters” agentliyinin məsələ ilə tanış olan iki mənbəyə istinadən yaydığı məlumata görə, 2027-ci ilin aprelindən başlayacaq beşillik dövr üçün müdafiə sahəsinin inkişafına ayrılacaq büdcənin 70-80 trilyon yen (təxminən 457-508 milyard dollar) səviyyəsində müəyyənləşdirilməsi planlaşdırılır.
Təklifin qəbul ediləcəyi təqdirdə, yeni büdcə 2023-cü maliyyə ilindən başlayan hazırkı beşillik proqram çərçivəsində ayrılmış təxminən 43 trilyon yenlik vəsaitdən 1,8 dəfə çox olacaq.
Bununla belə, hökumətin ilin sonuna doğru büdcə layihəsini hazırlayacağı və təhlükəsizliklə bağlı üç əsas sənədə yenidən baxacağı zaman yekun məbləğin dəyişə biləcəyi bildirilir.
Mənbələrdən birinin sözlərinə görə, yeni müdafiə büdcəsinin böyük sayda pilotsuz uçuş aparatlarının alınması da daxil olmaqla, hərbi təchizatın maliyyələşdirilməsinə yönəldilməsi gözlənilir.
Həmin mənbə yenin xarici valyutalar qarşısında dəyər itirməsinin müdafiə təyinatlı texnikanın satınalma xərclərini artırdığına diqqət çəkib.
Digər mənbə isə yekun büdcənin 70 trilyon yenin orta və ya yuxarı həddində müəyyənləşdirilə biləcəyini bildirib.
Mənbə Şərqi Asiyada təhlükəsizlik vəziyyətini nəzərə alaraq, nəzərdə tutulan vəsaitin yetərli olub-olmayacağı ilə bağlı sualların da yarandığını qeyd edib. Yekun məbləğin hökumətlə koalisiya tərəfdaşları arasında aparılacaq danışıqlarda müəyyənləşdiriləcəyi vurğulanıb.
Qeyd edək ki, Yaponiya 2022-ci ilin sonunda təsdiqlənmiş hazırkı müdafiə proqramı çərçivəsində xərcləri ilkin olaraq nəzərdə tutulan 27,5 trilyon yendən əhəmiyyətli dərəcədə artıraraq 43 trilyon yenə çatdırıb.
Mövcud proqram əsasən uzaqmənzilli raketlərin, sursatların və hərbi texnika üçün ehtiyat hissələrinin tədarükünü nəzərdə tutur. Uzaqmənzilli raketlərin əldə edilməsi ölkənin mümkün hücumlara cavab zərbələri endirmək imkanlarının gücləndirilməsinə xidmət edir.
Şəbnəm Mehdizadə
