Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətinin Komışuvaha kəndinə endirdiyi hava zərbələri nəticəsində 24 nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye vilayətinin Komışuvaha kəndinin bir neçə dəfə hava hücumuna məruz qaldığını bildirib.
Onun sözlərinə görə, hücumlar zamanı humanitar yardımın paylandığı məktəb binası hədəf alınıb.
İlk hava hücumundan sonra daha 9 bomba atılaraq ikinci zərbə endirilib. Bu dəfə isə insanların olduğu sığınacaq hədəfə alınıb.
Ukrayna Prezidenti hücumun baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinə başlanıldığını açıqlayıb.
Zelenski Rusiyanın gərginliyi azaltmaq niyyətində olmadığını bildirərək, Ukraynanın daha çox beynəlxalq dəstəyə ehtiyac duyduğunu vurğulayıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) sosial şəbəkə hesabında yayılan açıqlamada ilkin məlumata görə, hücum nəticəsində 24 nəfərin öldüyü qeyd olunub.
Həlak olanlar arasında xidmətin 2 əməkdaşı və 4 polis əməkdaşının olduğu bildirilib.
Hücum nəticəsində daha 5 nəfər yaralanıb.
Şəbnəm Mehdizadə
