Məzmuna keç

Gündüz yuxusu demensiyanın erkən əlaməti ola bilər

ABŞ-də aparılan yeni araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısa müddətli gündüz yuxusunun demensiya və yaddaş pozuntuları riskinin artması ilə əlaqəli ola biləcəyini ortaya qoyub.

E-huquq.az xəbər verir ki, “The Journals of Gerontology: Series A” jurnalında dərc olunan tədqiqata əsasən, gün ərzində tez-tez yatan yaşlı insanların sonrakı illərdə demensiyaya tutulma ehtimalı nadir hallarda və ya ümumiyyətlə yatmayanlarla müqayisədə daha yüksəkdir.

Bununla belə, tədqiqat gündüz yuxusunun birbaşa demensiyaya səbəb olduğunu sübut etmir. Nəticələr bu vərdişin xəstəlik riski ilə əlaqəli mümkün göstərici kimi daha yaxından araşdırılmasının vacibliyini göstərir.

Cons Hopkins Universitetinin psixoloqu və yuxu üzrə tədqiqatçısının fikrincə, gündüz yuxusunun artması demensiyaya səbəb olan beyin dəyişikliklərinin nəticəsi deyil, həmin dəyişikliklərin göstəricisi ola bilər.

Tədqiqatçılar ABŞ-da 65 yaşdan yuxarı “Medicare” proqramının iştirakçılarını əhatə edən Milli Sağlamlıq və Yaşlanma Trendləri Araşdırmasının məlumatlarını təhlil ediblər.

Tədqiqata başlanğıc mərhələsində mümkün və ya ehtimal olunan demensiya diaqnozu olmayan, gündüz yuxu vərdişləri ilə bağlı sualları cavablandıran 995 nəfər daxil edilib.

İştirakçılar orta hesabla 5 il ərzində müşahidə olunublar. Bu müddət ərzində 417 nəfərdə, yəni iştirakçıların 41,9 faizində mümkün və ya ehtimal olunan demensiya aşkarlanıb.

Yaş, cins, təhsil səviyyəsi, siqaret istifadəsi, bədən kütləsi indeksi və müxtəlif sağlamlıq problemləri kimi amillər nəzərə alındıqdan sonra da gündüz tez-tez yatanlarda demensiya göstəricisinin daha yüksək olduğu müəyyən edilib.

Araşdırmanın nəticələrinə görə, hər gün və ya həftənin əksər günlərində gündüz yatanlarda demensiya göstəricisi nadir hallarda və ya heç yatmayanlarla müqayisədə 48 faiz yüksək olub. Qeyri-iradi şəkildə gündüz yatanlarda bu göstərici gündüz yatmayanlara nisbətən 39 faiz çox olub. Gündüz 30 dəqiqə və ya daha az yatanlarda demensiya göstəricisi gündüz yatmayanlarla müqayisədə 40 faiz yüksək qeydə alınıb.

Bundan əlavə, tez-tez təkrarlanan, qeyri-iradi və 30 dəqiqədən çox çəkməyən gündüz yuxuları müşahidə müddətində yaddaş pozuntularının yaranması riskinin artması ilə də əlaqələndirilib.

Tədqiqatçılar gündüz yuxusu ilə demensiya arasındakı əlaqənin mürəkkəb olduğunu vurğulayırlar.

Beyində baş verən nevroloji dəyişikliklər koqnitiv funksiyalara mənfi təsir göstərməklə yanaşı, gündüz yatmaq ehtiyacını da artıra bilər. Bu baxımdan yaşlı insanlarda gündüz yuxusunun artması beyin sağlamlığının pisləşməsinin mümkün göstəricisi hesab olunur.

Digər tərəfdən, gündüz mürgüləmək gecə yuxusunun kifayət qədər olmamasını kompensasiya etmək üsulu da ola bilər. Gecə keyfiyyətsiz yuxu gündüz yatmaq ehtiyacını artırdığı kimi, gündüz yuxusu da gecə istirahətinə mənfi təsir göstərə bilər.

Alimlər gündüz yuxusu ilə demensiya arasındakı əlaqənin səbəblərini dəqiqləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Gündüz yuxusunun demensiyanın qarşısının alınmasında dəyişdirilə bilən risk amili olub-olmadığı isə gələcək tədqiqatlar nəticəsində müəyyən edilə bilər.

Şəbnəm Mehdizadə