Məzmuna keç

Alimlər indiyədək tədqiq edilmiş ən kiçik miqyasda hissəcik siqnalları aşkarlayıblar

Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) Böyük Adron Kollayderində (LHC) aparılan təcrübələr zamanı təbiətin indiyədək tədqiq edilmiş ən kiçik ölçü miqyasında hissəciklərin qarşılıqlı təsirinə dair siqnallar qeydə alınıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kembric Universitetinin rəhbərliyi ilə həyata keçirilən araşdırmada atomdan 100 milyard dəfə kiçik ölçü miqyasına qədər tədqiqat aparılıb. Fiziklərin “zeptokainat” adlandırdığı bu miqyasın kainatın fəaliyyət prinsiplərini izah edə biləcək daha əhatəli nəzəriyyənin hazırlanmasına töhfə verə biləcəyi bildirilir.

Kainatın böyük hissəsini təşkil etdiyi düşünülən, lakin birbaşa müşahidə edilə bilməyən qaranlıq maddənin mövcudluğu ətraf cisimlərə göstərdiyi qravitasiya təsiri vasitəsilə müəyyən edilir.

Araşdırma çərçivəsində yüksək enerjili toqquşmalar nəticəsində yaranan subatomik hissəciklər, o cümlədən “gözəllik kvarkı” (beauty quark) adlandırılan hissəciklər tədqiq edilib. Saniyənin trilyonda birindən də az müddət mövcud olan bu hissəciklərin qarşılıqlı təsirləri metrin milyardda birinin trilyonda biri miqyasında araşdırılıb.

Məlumatların təhlilinə rəhbərlik edən Kembric Universitetinin alimi doktor Harri Kliff bildirib ki, bu ölçü miqyasında hissəciklər qaranlıq maddəyə qarşı daha həssas ola bilər.

“Biz zeptokainatın qapısını döyürük. Bu mikrodünyadakı proseslər yeni hissəciklərin davranışlarını müşahidə etməyə imkan verir. İndi isə bu aləmə daxil olaraq orada hansı yeni hissəciklərin gizləndiyini araşdırmaq istəyirik”, – deyə alim qeyd edib.

Layihədə iştirak edən 28 ölkə detektorun imkanlarını 10 dəfə artıracaq, dəyəri 150 milyon funt sterlinq olan yenilənmə proqramı barədə razılığa gəlib.

Lakin Böyük Britaniyanın Tədqiqat və İnnovasiyalar Agentliyi (UKRI) ötən il layihənin maliyyələşdirilməsindəki payını geri götürəcəyini açıqlayıb. Qurum yay aylarında “Jodrell Bank Lovell” radioteleskopu da daxil olmaqla, hissəciklər fizikası və astronomiya sahəsində bir sıra digər layihələrin maliyyələşdirilməsini də azaldıb.

Beynəlxalq LHCb əməkdaşlıq layihəsinin rəhbəri professor Tim Gerson maliyyə ixtisarlarının Böyük Britaniyanın tədqiqatda tam iştirakını təhlükə altına aldığını bildirib. Onun sözlərinə görə, ölkə mühüm elmi kəşflərdən kənarda qalmaq riski ilə üzləşə bilər.

Tanınmış fizik professor Brayan Koks da maliyyələşdirmənin azaldılması qərarını tənqid edərək, Böyük Britaniyanın elmi liderlik mövqeyindən geri çəkilməsinin ölkənin beynəlxalq nüfuzuna zərər vuracağını vurğulayıb.

Şəbnəm Mehdizadə