ABŞ-də üç nəfər süni intellekt texnologiyasından istifadə edərək özlərini şirkət rəhbərləri və vəkillər kimi təqdim etmək, eləcə də kiberdələduzluq yolu ilə külli miqdarda vəsait əldə etməkdə ittiham olunur.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şübhəlilərin təxminən 129 milyon dollar məbləğində dələduzluq sxemi həyata keçirdikləri iddia edilir.
Nyu-York federal məhkəməsinə təqdim edilən ittiham aktına əsasən, onlar bir il yarımdan artıq müddətdə dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ və Böyük Britaniyada minlərlə şirkəti hədəf alıblar.
İttihama görə, şübhəlilər telefon danışıqları və videozənglər zamanı yüksək vəzifəli şirkət rəhbərlərinin səslərini, bəzi hallarda isə xarici görünüşlərini təqlid etmək üçün süni intellekt texnologiyalarından istifadə ediblər.
Məhkəmə sənədlərində qeyd olunur ki, şübhəlilər əvvəlcə şirkət əməkdaşları ilə əlaqə saxlayaraq onları guya nüfuzlu hüquq firmasının vəkili ilə danışmağa yönləndiriblər.
Daha sonra şübhəlilərdən biri özünü həmin hüquq firmasının vəkili kimi təqdim edərək əməkdaşlara dünyanın müxtəlif ölkələrində yerləşən bank hesablarına böyük məbləğdə pul köçürmək barədə göstəriş verib.
İddialara əsasən, əldə edilən vəsaitlərin mənşəyini gizlətmək məqsədilə pullar kriptovalyutaya çevrilib, daha sonra isə şübhəlilər və sxemdə iştirak edən digər şəxslər arasında bölüşdürülüb.
Şəbnəm Mehdizadə
