Məzmuna keç

Fransada keçirilən kütləvi nümayişlər zamanı 448 nəfər saxlanılıb

Fransada keçirilən kütləvi nümayişlər zamanı 448 nəfər saxlanılıb, 53 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi açıqlama yayıb. Nazirlik bildirib ki, həmkarlar ittifaqlarının çağırışı ilə dünən ölkə üzrə keçirilən etiraz aksiyaları zamanı ümumilikdə 448 nəfər saxlanılıb.

Qeyd edək ki, oktyabrın 17-dən etibarən Fransada yüksək yaşayış xərclərinə qarşı etirazlar davam edir. Dünən keçirilən nümayişlər isə həmin tarixdən bəri ən çox iştirakçının qatıldığı aksiyalar kimi qeydə alınıb. Rəsmi məlumatlara əsasən, nümayişlərdə təxminən 600 min nəfər iştirak edib. Həmkarlar ittifaqları isə iştirakçıların sayının 1,6 milyona çatdığını açıqlayıb.

Etirazçılar yaşayış xərclərinin artmasına qarşı tədbirlərin görülməsi ilə yanaşı, əməkhaqlarının yüksəldilməsini və dövlət xidmətləri sahəsində büdcə ixtisarlarına son qoyulmasını tələb ediblər.

Paytaxt Parisdə və ölkənin şimalında yerləşən Lill şəhərində keçirilən aksiyalar zamanı polis bəzi etirazçılara qarşı istiot qazından və dəyənəklərdən istifadə edib.

Şəbnəm Mehdizadə