Almaniyanın qərbində yerləşən Dortmund şəhərində dönərxananın açılışı münasibətilə təşkil edilən endirim kampaniyası böyük izdihama və qarşıdurmaya səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, cəmi 1 avroya satılacağı elan edilən dönərdən almaq istəyən yüzlərlə insan mağazanın qarşısına toplaşıb. Vəziyyətin nəzarətdən çıxması nəticəsində əraziyə polis qüvvələri cəlb edilib.
Açılış mərasimi üçün cəlb edilən özəl mühafizə əməkdaşlarının izdihamı idarə etməkdə çətinlik çəkməsi səbəbindən hadisə yerinə helikopter dəstəyilə təxminən 100 polis əməkdaşı göndərilib.
Polis sözçüsü müdaxilə zamanı hüquq-mühafizə əməkdaşlarına şüşə qablar, daşlar, fişənglər, elektrik skuterlər və stullar atıldığını bildirib.
Dortmund Polis İdarəsinin rəisi Tim Frommeyer baş verən zorakılıq hallarını pisləyib.
Hadisələrlə əlaqədar çoxsaylı şəxslər saxlanılıb. Saxlanılanlardan birinin üzərindən səs tapançası aşkar edildiyi bildirilir.
Şübhəlilər barəsində ictimai asayişi pozma, əmlaka zərər vurma və təhqir ittihamları üzrə araşdırmalara başlanılıb.
Polis dönərxana sahibi barəsində hər hansı istintaqın başlanılıb-başlanılmayacağı ilə bağlı məlumat verməyib. Sahibkar isə satılmamış dönərləri şəhərdə fəaliyyət göstərən evsizlərə yardım təşkilatına bağışlayacağını açıqlayıb.
Almaniyada bir porsiya dönərin orta qiyməti hazırda 7,50-9 avro arasında dəyişir. 2020-ci ilədək 3,50-4 avroya satılan dönərin qiymətindəki kəskin artım əsasən enerji və ərzaq xərclərinin yüksəlməsi ilə əlaqələndirilir. İldə 1,3 milyarddan çox istehlak edilən dönər Almaniyada gündəlik həyat bahalaşmasının və artan inflyasiyanın simvollarından birinə çevrilib.
Şəbnəm Mehdizadə
