Məzmuna keç

Uşaqların kibertəhdidlərdən müdafiəsi üçün maliyyələşmənin artırılması təklif olunur

Uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsiz və sağlam mühitdə inkişafının təmin edilməsi, keyfiyyətli təhsilə bərabər çıxış imkanlarının genişləndirilməsi dövlət büdcəsinin sosial istiqamətləri çərçivəsində xüsusi diqqət tələb edir.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında deyib.

Ombudsman inklüziv təhsilin inkişaf etdirilməsi, xüsusi təhsil ehtiyacları olan uşaqların təhsil prosesində bərabər iştirakının təmin olunması məqsədilə təhsil müəssisələrinin müvafiq qaydada uyğunlaşdırılması, fərdi dəstək xidmətlərinin təşkili və ixtisaslı mütəxəssislərlə təminat üçün zəruri maliyyə resurslarının ayrılmasını təklif edib.

Bununla yanaşı, uşaqların kibertəhdidlərdən, onlayn zorakılıqdan və fərdi məlumatlarının qanunsuz istifadəsindən müdafiəsinə yönəlmiş maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin artırılmasını məqsədəuyğun hesab edib.