Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi üçün əlavə maliyyə ayrılması təklif olunur
E-huquq.az xəbər verir ki, bu barədə təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında çıxış edib.
Ombudsman milli preventiv və müstəqil monitorinq qruplarının fəaliyyətinin effektivliyinin və davamlılığının təmin edilməsi məqsədilə onların kadr və maddi-texniki təminatı üçün zəruri maliyyə vəsaitlərinin dövlət büdcəsinin xərclərində nəzərə alınmasını təklif edib.
Bununla yanaşı, Ombudsmanın konstitusion səlahiyyətlərindən irəli gələn qanunvericiliyin təkmilləşdirilməsi, normativ hüquqi aktların layihələrinin hüquqi ekspertizası, eləcə də onlara dair rəy və təkliflərin hazırlanması istiqamətində fəaliyyətinin daha sistemli və səmərəli təşkili məqsədilə Aparatda ayrıca struktur bölmənin yaradılmasını və zəruri ştat vahidləri ilə təmin edilməsini məqsədəuyğun hesab edib.
S.Əliyeva, həmçinin rəqəmsal transformasiyanın sürətləndirilməsi ilə bağlı müəyyən edilmiş prioritetlər nəzərə alınmaqla, Ombudsman təsisatında elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi və yenilənməsi, eləcə də vahid rəqəmsal dövlət platformalarına inteqrasiyası üçün maliyyə vəsaitinin ayrılmasını təklif edib.
Bundan əlavə, Çağrı Mərkəzinin fəaliyyətində süni intellekt əsaslı texnoloji həllərin tətbiqi üçün zəruri maliyyə və texniki dəstəyin göstərilməsinin insan hüquqlarının daha effektiv və çevik müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.
