Dövlət Gömrük Komitəsində inspektor vəzifəsinə işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Hüseyn Hacıyevin (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxs tanışının Dövlət Gömrük Komitəsində inspektor vəzifəsinə işə qəbul olunmasına köməklik göstərəcəyini vəd edib.
O, həmin qurumda yüksək vəzifədə çalışan qohumu vasitəsilə məsələni həll etmək imkanına malik olduğunu bildirsə də, əslində belə bir imkanı olmayıb. Bu yolla zərərçəkmiş şəxsin etibarından sui-istifadə edən H.Hacıyev ondan ümumilikdə 10 min manat pul alaraq dələduzluq edib.
Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı tam qəbul edib və törətdiyi əmələ görə özünü təqsirli bilib.
O, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq olunmasını xahiş edib.
Məhkəmənin qərarı ilə H.Hacıyev Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətə görə Amnistiya aktı əsasında cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.
Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və təqsirləndirilən şəxs məhkəmə zalından dərhal azadlığa buraxılıb.
Şəbnəm Mehdizadə
