Məzmuna keç

Dünya qlobal istiləşmənin kritik həddini aşmaq üzrədir

Müstəqil tədqiqat qrupu olan “Climate Action Tracker” (CAT) təşkilatının təhlilinə görə, mövcud siyasətlər davam edərsə, əsrin sonuna qədər qlobal temperatur sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2,7 dərəcə arta bilər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb hökumətlərin istixana qazı emissiyalarını azaltmaq üçün lazımi tədbirləri gecikdirməsidir.

Bu göstərici Paris Sazişində müəyyən edilmiş 1,5 dərəcəlik hədəfi xeyli üstələyir. Alimlər xəbərdarlıq edirlər ki, belə istiləşmə fırtına, quraqlıq, daşqın və ekstremal istilərin təsirlərini daha da ağırlaşdıra bilər. Hətta ölkələrin bütün iqlim öhdəliklərini yerinə yetirdiyi ən nikbin ssenaridə belə, əsrin sonunadək temperaturun 1,9°C artacağı proqnozlaşdırılır.

BMT-nin Baş katibi Antonio Quterreş hökumətləri qalıq yanacaqlardan istifadənin azaldılması istiqamətində təcili tədbirlər görməyə çağırıb.

Hesabatın müəllifləri vurğulayırlar ki, qlobal istiləşmənin hər əlavə dərəcəsi ciddi nəticələrə səbəb ola bilər və emissiyaların azaldılması istiqamətində daha sürətli tədbirlər görülməlidir.

Şəbnəm Mehdizadə