2027-ci il büdcəsində qeyri neft-qaz sektorunun payı rekord həddə çatacaq.
E-huquq.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, son illərdə sosial-iqtisadi və dövlət maliyyəsi sahələrində aparılan islahatlar ölkənin iqtisadi qüdrətinin və dövlət maliyyə resurslarının davamlı artmasına xidmət edib.
Vüqar Gülməmmədovun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi layihəsi ötən dövrün reallıqları və qarşıdakı dövrün çağırışları nəzərə alınmaqla hazırlanıb.
O bildirib ki, qarşıdakı ilin dövlət büdcəsi layihəsi iki əsas xüsusiyyəti ilə seçilir: “Birinci xüsusiyyət ÜDM-in strukturu ilə bağlıdır. Proqnozlara əsasən, qeyri neft-qaz ÜDM-nin payının 77 faizdən çox olacağı nəzərdə tutulur. Bu isə indiyədək qeydə alınan ən yüksək göstəricidir.
İkinci xüsusiyyət dövlət büdcəsi gəlirlərinin struktur tərkibi ilə bağlıdır. Belə ki, proqnozlara əsasən, 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizini qeyri neft-qaz sektorundan daxilolmalar təşkil edəcək. Bu da indiyədək ən yüksək həddir”
Hesablama Palatasının sədri 2027-ci il büdcəsini neft asılılığının azaldılmasında dönüş nöqtəsi, eyni zamanda hərbi, sosial və investisiya xərclərinin optimal sintezi kimi xarakterizə etməyin mümkün olduğunu vurğulayıb.
Şəbnəm Mehdizadə
