Ekoloji ödənişlərin “Ekoloji vergi” adı ilə vahid qaydada toplanmasını təklif edilir.
E-huquq.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, qəbul edilmiş hüquqi akta əsasən, məqsədli büdcə fondları, o cümlədən dövlət büdcəsindəki ekoloji fondlar ləğv edilir.
V.Gülməmmədovun sözlərinə görə, məqsədli büdcə fondlarının ləğvi dövlət vəsaitlərinin vahid büdcə çərçivəsində daha çevik idarə olunmasına və prioritetlər üzrə bölüşdürülməsinə imkan yaratsa da, əvvəlki fondların gəlir mənbələri ilə xərc istiqamətləri arasındakı əlaqənin, müvafiq sahələr üzrə vəsait təminatının davamlılığının və onların istifadəsinə nəzarətin təmin olunması zəruridir.
“Bu istiqamətdə gəlirlərin səfərbər edilməsi üzrə təşəbbüskarlığın artırılmasına zərurət mövcuddur. Mahiyyəti ətraf mühitin mühafizəsi və bərpası olan əvvəlki modeldə diferensiallaşdırılmaqla müxtəlif fondlara toplanan ödənişlərə aid hüquqi tənzimləmələrin “Ekoloji vergi” növü kimi Dövlət Vergi Xidməti xətti ilə vahid yığım çərçivəsində formalaşdırılması məqsədəuyğun və beynəlxalq təcrübəyə tam uyğun bir addım olardı”, – deyə Hesablama Palatasının sədri bildirib.
O vurğulayıb ki, ekoloji qurumların əsas funksiyası yığım toplamaq deyil, ekoloji nəzarəti həyata keçirməkdir.
“Burada, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin texniki ekspertizası ilə Dövlət Vergi Xidmətinin inzibatçılığı inteqrasiya edilməlidir. Sonradan həmin vəsaitlərin proqramlılıq (ortamüddətli xərclər) çərçivəsində ekoloji risk, təsir, bərpa prioritetləri üzrə bölüşdürülməsi və səmərəli (nəticəli) xərclənməsi mümkündür”, – deyə V.Gülməmmədov əlavə edib.
Şəbnəm Mehdizadə
