Məzmuna keç

Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif edir

Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif edir.

E-huquq.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

V.Gülməmmədov qeyd edib ki, “Büdcə zərfi”nə əsasən, fiskal dayanıqlılığın əsas şərtlərindən biri kimi ortamüddətli dövrün sonuna qeyri neft-qaz gəlirləri hesabına cari xərclərin tam qarşılanması proqnozlaşdırılır.

Onun sözlərinə görə, bu, makroiqtisadi sabitlik və resurs asılılığının azaldılması baxımından təqdirəlayiq hədəfdir.

Hesablama Palatasının sədri bildirib ki, əvvəlki rəylərdə də qeyd edildiyi kimi, bu məqsədə nail olmaq üçün əsas hədəf göstəriciləri olan cari xərclərin, eləcə də qeyri-neft gəlirlərinin və ya daha geniş anlayışla ifadə olunduqda, qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılması zəruridir.

O vurğulayıb ki, cari xərclərin büdcədəki payının 60,4 faizdən 62,3 faizə yüksəlməsi uzunmüddətli maliyyə dayanıqlılığı üçün risk yarada bilər.

Bu səbəbdən V.Gülməmmədov büdcə qaydasında cari xərclərin artım tempinə limit qoyulmasını təklif edib.

Şəbnəm Mehdizadə