Məzmuna keç

Milli dirçəlişdən güclü dövlətçiliyə: Azərbaycanın suverenlik və inkişaf yolu

Tarix boyu bəzi xalqların yaşadıqları qırılma nöqtələri onların gələcək taleyini kökündən dəyişir, milli inkişafın yeni trayektoriyasını müəyyənləşdirir. Azərbaycan gerçəkliyində 17 Noyabr – Milli Dirçəliş Günü məhz belə taleyüklü mərhələlərdən biri kimi dəyərləndirilməlidir. Bu əlamətdar tarix sadəcə kütləvi etirazların başlanğıcı deyil, həm də cəmiyyətin öz tarixi köklərinə qayıtmaq, milli ləyaqətini qorumaq və müstəqil gələcəyini qurmaq əzminin təntənəsidir.

Ötən əsrin səksəninci illərinin sonlarında Sovet imperiyasının daxilində baş qaldıran dərin böhranlar, mərkəzi hakimiyyətin milli məsələlərə yanaşmadakı qərəzli və ədalətsiz mövqeyi Azərbaycanda kütləvi narazılıq dalğası yaratmışdı. Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və sovet rəhbərliyinin bu prosesdə nümayiş etdirdiyi birtərəfli siyasət xalqın səbr kasasını doldurmuşdu. 1988-ci ilin noyabrın 17-də Bakının Azadlıq meydanında coşquyla başlayan xalq hərəkatı milli azadlıq mübarizəsinin təməlini qoydu. Fərqli sosial təbəqələrdən, müxtəlif yaş qruplarından olan minlərlə insanın eyni amallar uğrunda bir araya gəlməsi cəmiyyətdə misilsiz həmrəylik mühiti formalaşdırdı. Meydan artıq sadəcə toplaşma yeri deyil, xalqın iradəsinin və suverenlik arzusunun simvoluna çevrilmişdi. Rejimin tətbiq etdiyi məhdudiyyətlərə və zorakılıqlara baxmayaraq, xalqın ortaya qoyduğu qətiyyət milli azadlıq ideyasının qarşısıalınmaz prosesə çevrilməsini təmin etdi.

Milli dirçəliş hərəkatının ideya təməli həm də Azərbaycan Xalq Cümhuriyyətinin zəngin irsinə və milli-mənəvi dəyərlərə söykənirdi. Sovet ideologiyasının illərlə unutdurmağa çalışdığı milli atributlarımıza, xüsusilə üçrəngli bayrağımıza olan sevgi yenidən alovlanmışdı. Bu baxımdan, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Cümhuriyyət bayrağının rəsmi dövlət rəmzi kimi qəbul olunması müstəsna tarixi əhəmiyyət daşıdı. Bu addım tarixi yaddaşın bərpası və müstəqillik ideyasının rəsmi müstəviyə keçməsi demək idi.

 1990-cı ilin Qanlı Yanvar faciəsi isə xalqın azadlıq əzmini qıra bilmədi, əksinə, imperiya rejiminin əsl simasını ifşa edərək müstəqillik düşüncəsini dönməz etdi. Nəticədə, 1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiya Aktı ilə dövlət müstəqilliyimiz bərpa olundu və xalqımız öz taleyinin yiyəsinə çevrildi.

 Lakin müstəqilliyi qazanmaqla iş bitmirdi; onu qorumaq, möhkəmləndirmək və idarəetmə mexanizmlərini formalaşdırmaq daha mürəkkəb vəzifə idi. 90-cı illərin əvvəllərində baş verən dərin siyasi böhran, iqtisadi tənəzzül və hərbi təcavüz gənc respublikanın varlığına real təhlükə yaradırdı. Məhz belə bir tarixi məqamda Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni parçalanmaqdan xilas etdi.

Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərqərar olundu, dövlət institutları quruldu, nizami ordu formalaşdırıldı və ölkənin beynəlxalq aləmə inteqrasiyası təmin edildi. Bu uzaqgörən siyasət milli dirçəliş hərəkatından başlanan azadlıq amalının möhkəm və dayanıqlı dövlətçilik sütunları üzərində ucalmasını şərtləndirdi.

Müasir dövrdə Azərbaycan dövlətçiliyi özünün zirvə mərhələsini – ərazi bütövlüyünün və suverenliyin tam bərpasını yaşayır. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həyata keçirilən hərtərəfli strategiya – hərbi, siyasi, diplomatik və iqtisadi müstəvidə atılan addımlar 2020-ci ildə Vətən müharibəsində parlaq Zəfər qazandırdı. Şuşanın azad olunması ilə milli qürurumuz özümüzə qaytarıldı, 2023-cü ilin sentyabrında reallaşdırılan tədbirlərlə isə ölkəmizin bütün suveren sərhədləri üzərində tam nəzarət təmin edildi.

Hazırda Azərbaycan yalnız hərbi gücü ilə deyil, həm də qlobal enerji layihələri, nəqliyyat dəhlizləri və iqtisadi potensialı ilə seçilən qüdrətli dövlət modelinə malikdir. İşğaldan azad olunan bölgələrdə icra olunan “Böyük Qayıdış” proqramı isə tarixi ədalətin bərpasının və genişmiqyaslı quruculuğun parlaq nümunəsidir.

Milli dirçəliş fəlsəfəsinin müasir dövrdə yaşadılması təkcə iqtisadi uğurlarla məhdudlaşmır; bu, həm də bilikyönümlü cəmiyyət, rəqəmsal innovasiyalar və güclü insan kapitalı tələb edir. Qloballaşan dünyada dövlətin qüdrəti onun intellektual potensialı və vətəndaşlarının milli kimliyə sadiqliyi ilə ölçülür.

Bu baxımdan, gənc nəslin vətənpərvərlik ruhunda, yüksək biliklərlə təchiz olunaraq yetişdirilməsi dövlətçilik ənənələrinin gələcəyə daşınmasında əsas təməldir.

17 Noyabr – Milli Dirçəliş Günü keçmişin qəhrəmanlıq səhifələrini xatırlatmaqla yanaşı, gələcək nəsillər qarşısında duran məsuliyyəti də dəqiq müəyyənləşdirir. Azadlıq meydanındakı coşqu ile bu günün suveren Azərbaycanı arasındakı qırılmaz bağ xalqımızın tükənməz iradəsini göstərir. Milli Dirçəlişin əsl mənası xalqın iradəsinin qüdrətli dövlətə, tarixi yaddaşın isə inkişaf strategiyasına çevrilməsidir. Bu ideya Azərbaycanın gələcək tərəqqi yolunda əbədi mənəvi dayaq olaraq qalacaqdır.

Fidan Əsgərova

Yeni Azərbaycan Partiyasının üzvü

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti