NASA-nın “Curiosity” marsoxodu 2024-cü ildə Marsın “Gale” kraterində bir daşı əzərək onun daxilində saf kükürd kristalları aşkar edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Qırmızı planetdə elementar kükürdün ilk dəfə aşkarlanmasıdır.
Tədqiqatçılar müəyyən ediblər ki, sarı kristallar təmiz kükürddən ibarətdir və oxşar daşlar təxminən 2100 kvadratmetr əraziyə yayılıb.
“Science” jurnalında dərc olunan araşdırmaya görə, kükürd yataqları 3,1-2,8 milyard il əvvəl vulkanik fəaliyyət nəticəsində yaranmış ola bilər.
Ehtimal edilir ki, kükürd tərkibli qazlar yeraltında toplanıb, sonradan səthə çıxaraq kimyəvi reaksiyalar nəticəsində kristallaşıb.
Kükürd canlı orqanizmlər üçün vacib element olsa da, alimlər bu kəşfin Marsda həyatın mövcudluğunu sübut etmədiyini vurğulayırlar. Saf kükürd bioloji proseslər olmadan da yarana bilər.
Alimlərin fikrincə, tapıntı Marsın qədim geoloji tarixini və milyardlarla il əvvəlki ətraf mühit şəraitini öyrənmək baxımından əhəmiyyətlidir.
Şəbnəm Mehdizadə
