Məzmuna keç

“Tamstore”da müştərinin noutbuku oğurlandı

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Tamstore” supermarketində müştərilərdən birinə məxsus noutbuk oğurlanıb.

E-huquq.az xəbər verir ki, hadisə saat 21:41 radələrində Xırdalan şəhəri, Heydər Əliyev prospekti 11 ünvanında yerləşən mağazada baş verib.

Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs mağazaya müştəri qismində daxil olub. O, müştərilər üçün nəzərdə tutulmuş saxlanc dolablarından birində çanta olduğunu görüb və ətrafda heç kimin onun hərəkətlərini müşahidə etmədiyinə əmin olduqdan sonra dolabın kilidsiz qapısını açaraq çantanı götürüb.

Çantanın içərisində 1 470 manat dəyərində “Lenovo” markalı noutbuk olub. Çantanın 30 manatlıq dəyəri də nəzərə alınmaqla, zərərçəkmişə ümumilikdə 1 500 manat maddi ziyan dəyib.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O, ifadəsində noutbuku götürdükdən sonra mağazanı tərk etdiyini, daha sonra çantanın içərisində kompüter olduğunu gördüyünü bildirib. Noutbuku bir neçə mağazaya satmaq məqsədilə aparsa da, şəxsiyyət vəsiqəsi tələb olunduğundan bunu bacarmayıb.

Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra noutbuku könüllü olaraq istintaqa təhvil verdiyini və törətdiyi əmələ görə peşman olduğunu qeyd edib.

Zərərçəkmiş şəxs isə məhkəmədə bildirib ki, alış-veriş etmək üçün marketə daxil olarkən noutbuk olan çantasını girişdəki saxlanc dolabına qoyub. Mağazadan çıxarkən çantanın yerində olmadığını görüb və market rəhbərliyinə məlumat verib. Təhlükəsizlik kameralarının görüntülərinə baxış zamanı naməlum şəxsin çantanı götürdüyü müəyyən edilib. Bundan sonra o, DİN-in “102” xidmətinə müraciət edib.

Zərərçəkmiş şəxs məhkəmədə dəymiş 1 500 manatlıq ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilib. O, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Şəbnəm Mehdizadə