Alimlər təxminən 115 milyon il əvvəl yaşamış dinozavrın fosilləşmiş sümüklərində qırmızı qan hüceyrələrinə aid kimyəvi izlər aşkar ediblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyada tapılan fosillər üzərində aparılan araşdırma bioloji qalıqların milyonlarla il ərzində qorunub saxlanıla biləcəyini göstərib.
Tədqiqata görə, tapıntılar dinozavrların yalnız skelet quruluşu deyil, qan dövranı və bioloji fəaliyyəti haqqında da yeni məlumatlar əldə etməyə imkan yarada bilər.
Araşdırılan fosillər Təbaşir dövrünün Erkən Təbaşir mərhələsində yaşamış “Aratasaurus museunacionali” növünə aiddir. Braziliyanın şimal-şərqində tapılan arxa ayaq sümüklərinin daxilində, qan damarlarının yerləşdiyi kanallarda kiçik, oval formalı strukturlar müəyyən edilib.
Təxminən 23 mikrometr uzunluğunda və 20 mikrometr enində olan bu strukturların qırmızı qan hüceyrələrinin minerallaşmış qalıqları olduğu ehtimal edilir.
Tədqiqat zamanı hemoqlobinin oksigen daşımasında mühüm rol oynayan heme B birləşməsi də aşkarlanıb. Alimlər xüsusi görüntüləmə və spektroskopiya üsulları ilə kimyəvi izlərin oval strukturların daxilində yerləşdiyini təsdiqləyiblər.
Tədqiqatçılar hesab edirlər ki, manqan oksid mineralları, xüsusilə hausmannit, hüceyrə strukturlarının və üzvi qalıqların milyonlarla il qorunmasına şərait yaratmış ola bilər.
Şəbnəm Mehdizadə
