ABŞ-də ölkə üzrə uçuşların dayandırılmasına səbəb olan texniki nasazlığın mənbəyi müəyyən edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma göstərib ki, Arkanzas ştatında quraşdırılan yeni şəbəkə marşrutlayıcısındakı (router) yanlış parametr köhnə cihazlarla uyğunsuzluq yaradaraq hava hərəkətinə nəzarət sisteminin işini pozub.
Nasazlıq radar və radio əlaqəsində problemlərə səbəb olub, minlərlə sərnişinin səfərinin gecikməsi ilə nəticələnib. Mütəxəssislər problemi laboratoriya şəraitində də təkrarlaya biliblər.
Araşdırmada hadisənin kiberhücum və ya təxribat olmadığı qənaətinə gəlinib. Bununla belə, texniki yenilənmələr zamanı nəzarət və təhlükəsizlik prosedurlarının zəifliyi diqqətə çatdırılıb.
Əvvəllər texniki dəyişikliklərə ən azı altı əməkdaş nəzarət edirdisə, yeni qaydalarla bu işlərin koordinasiyası dörd nəfərə həvalə olunub. Həmkarlar ittifaqı nümayəndələri bu qərarı tənqid edərək, risklərin qiymətləndirilməsi və təsdiq səlahiyyətlərinin özəl şirkətlərə verilməsinə etiraz ediblər.
Qeyd edək ki, oxşar hadisə 2009-cu ildə də baş verib. Həmin vaxt marşrutlayıcının yanlış konfiqurasiyası ABŞ hava hərəkəti şəbəkəsinin böyük hissəsində problemlər yaradıb, 129 obyektə təsir edib və yüzlərlə uçuşun ləğvinə səbəb olub.
Şəbnəm Mehdizadə
