Xəbər verdiyimiz kimi, Bakı sakini Azər Həsənov “EVROSTROY-S.S” MMC-ni eyni mənzili bir neçə şəxsə satmaqda ittiham edir. Vətəndaş məsələ ilə bağlı məhkəmələrə müraciət etsə də, mübahisə onun iddiasının təmin olunmaması ilə nəticələnib. A.Həsənov isə məhkəmə qərarlarının qanuniliyini mübahisələndirərək iş üzrə yol verilmiş qanun pozuntularının araşdırılmasını və hüquqlarının bərpasını tələb edir.
E-huquq.az-ın məlumatına görə, o bildirir ki, 2018-ci il tarixində “EVROSTROY-S.S” MMC ilə mənzil alqı-satqısı ilə bağlı müqavilə bağlayıb və həmin müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan “Sipark” Yaşayış Kompleksində yerləşən 5 girişli, 16 mərtəbəli yaşayış binasının 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,5 kv.m olan, 2 otaqlı 58 saylı mənzili 118 125 manat məbləğində pul vəsaiti ödəməklə əldə edib. Lakin tikintinin başa çatmasını uzun müddət gözləməyimə baxmayaraq, mənzil ona təhvil verilməyib, sonradan isə həmin mənzilə dair başqa şəxslərlə də müqavilələr bağlandığını öyrənib. Belə ki, mübahisəli mənzillə bağlı məhkəmələr tərəfindən ümumilikdə üç müqavilənin mövcudluğu müəyyən edilib. Bunlar 21 dekabr 2016-cı il tarixli, 26 nömrəli müqavilə əsasında Xəlilov Nicat Ramiz oğlunun, 30 aprel 2018-ci il tarixli, 174 nömrəli müqavilə əsasında Azər Həsənovun və 12 fevral 2019-cu il tarixli, 296 nömrəli müqavilə əsasında Əliyeva Zərifə Məhəmməd qızının həmin mənzili əldə etməsi ilə bağlı sənədlərdir.

“Mənzilə dair hüquqlarımın tanınması, müqavilə öhdəliyinin yerinə yetirilməsi və mənzilin mənə təhvil verilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişəm. Eyni zamanda, Əliyeva Zərifə Məhəmməd qızı da mənə qarşı qarşılıqlı iddia qaldıraraq mənimlə şirkət arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(005)-132/2025 nömrəli qətnaməsi ilə mənim ilkin iddiam rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək mənimlə “EVROSTROY-S.S” MMC arasında bağlanmış 30 aprel 2018-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, Zərifə Əliyevanın mübahisəli mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin mənə və şirkətə qadağan edilməsi qərara alınmışdır. Məhkəmənin 11 iyul 2025-ci il tarixli əlavə qətnaməsi ilə isə mənim şirkətə ödədiyim 118 125 manatın “EVROSTROY-S.S” MMC-dən tutularaq mənə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2026-cı il tarixli, 2(103)-5549/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətim təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2026-cı il tarixli, 2(1-8)-1673/2026 nömrəli qərarı ilə isə kassasiya şikayətim təmin olunmamışdır”, – deyə Azər Həsənov qeyd edib.
Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə tanış olun
Şikayətçi məkhəmə qərarlarından narazı qaldığı üçün Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edib. O, işə baxan məhkəmələr tərəfindən mübahisənin nəticəsinə birbaşa təsir edən mühüm hallar və təqdim edilmiş sübutların hüquqi əhəmiyyətinin lazımi qaydada araşdırılmadığını bildirib.
“Mənimlə şirkət arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinin əsas səbəbi mübahisəli mənzilin daha əvvəl, 21 dekabr 2016-cı il tarixində Xəlilov Nicat Ramiz oğluna satılması barədə məhkəmələrin gəldiyi nəticə olmuşdur. Lakin həmin müqavilənin əsli iş materiallarında mövcud deyil. İşdə yalnız müqavilənin fotoşəkilləri təqdim edilmiş, “Məhkəmə Ekspertiza Xidmətləri” MMC-nin 6 mart 2025-ci il tarixli ekspert rəyində həmin fotoşəkillərin planşet vasitəsilə çəkildiyi, onlarda montaj və ya digər texniki dəyişiklik əlamətlərinin müəyyən edilmədiyi göstərilmişdir. Hesab edirəm ki, fotoşəkillərdə montaj əlamətlərinin olmaması həmin fotoşəkillərdə əks olunan müqavilənin həqiqətən tərəflər arasında bağlandığını, sənəddəki imza və möhürlərin həqiqiliyini və həmin müqavilə əsasında hüquqi münasibətlərin yarandığını təsdiq etmir. Başqa sözlə, fotoşəklin texniki baxımdan dəyişdirilməməsi ilə onun əks etdirdiyi sənədin həqiqiliyinin sübut edilməsi fərqli məsələlərdir.
Beləliklə, mövcud hallar “EVROSTROY-S.S” MMC-nin vəzifəli şəxsləri tərəfindən eyni mənzilin paralel olaraq bir neçə şəxsə satıldığını və müxtəlif şəxslərdən həmin mənzilə görə ayrı-ayrılıqda pul vəsaitlərinin alındığını göstərir. Nəticədə mən də daxil olmaqla, mənzili əldə etmək məqsədilə pul vəsaiti ödəmiş şəxslər ciddi maddi itkilərlə üzləşmişik.

Xüsusilə qeyd etmək istəyirəm ki, mən həmin mənzilin əldə edilməsi üçün təxminən 7 il əvvəl 118 125 manat məbləğində vəsait ödəmişəm. Lakin bu gün daşınmaz əmlak bazarında baş vermiş qiymət artımları nəzərə alındıqda, həmin məbləğlə müqavilə bağladığım ərazidə, eyni sahəyə malik mənzil əldə etməyim faktiki olaraq mümkün deyil. Başqa sözlə, mənə yalnız vaxtilə ödədiyim pulun nominal məbləğinin qaytarılması, illər ərzində yaranmış qiymət fərqini və bunun nəticəsində üzləşdiyim real maddi itkini aradan qaldırmır. Belə olan halda, şirkətin hərəkətləri nəticəsində yaranmış bu qiymət fərqinə görə məsuliyyətin kim tərəfindən daşınacağı və mənə dəymiş real maddi zərərin hansı qaydada kompensasiya ediləcəyi məsələsi açıq qalır. Hesab edirəm ki, bu məsələyə də hüquqi qiymət verilməli, mənə dəymiş zərərin yalnız vaxtilə ödədiyim məbləğlə məhdudlaşdırılmaması, daşınmaz əmlakın hazırkı bazar dəyəri ilə yaranmış fərqin də nəzərə alınması məsələsi araşdırılmalıdır.
Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli ekspert rəyində mənimlə “EVROSTROY-S.S” MMC arasında bağlanmış 30 aprel 2018-ci il tarixli, 174 nömrəli müqavilədəki sifarişçi imzasının mənə məxsus olduğu müəyyən edilmişdir.
Ekspertiza rəyinin tam mətni ilə tanış olun
İş materiallarında olan 11 fevral 2019-cu il tarixli imtina ərizəsi, Xəlilov Nicat Ramiz oğlunun məhkəmədə verdiyi izahat və şirkət tərəfindən təqdim edilmiş digər sənədlər də məhkəmələr tərəfindən əvvəlki müqavilənin mövcudluğunu təsdiq edən sübutlar kimi qiymətləndirilmişdir. Halbuki, həmin sənədlər Xəlilov Nicat Ramiz oğlunun mübahisəli mənzilə dair hüquqlarından imtina etməsi və sonradan Zərifə Əliyeva ilə müqavilə bağlanması barədə məlumat versə də, 21 dekabr 2016-cı il tarixli müqavilənin həqiqiliyini və onun əsasında mənzilə dair hüquqların yaranmasını birmənalı şəkildə təsdiq etmir.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən, notarius və ya müvafiq icra hakimiyyəti orqanı qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir. Əqddə fiziki çatışmazlığına, xəstəliyinə və ya digər üzürlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər.
Notarius və ya müvafiq icra hakimiyyəti orqanı imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. Buna baxmayaraq, qeyd olunan imtina ərizəsinin sübutetmə əhəmiyyəti və digər sənədlərlə qarşılıqlı əlaqəsi lazımi qaydada əsaslandırılmamışdır.
Təəssüf doğuran digər hal ondan ibarətdir ki, kassasiya şikayətimdə məhz bu məsələlərə dair konkret hüquqi dəlillər irəli sürməyimə baxmayaraq, Ali Məhkəmənin 18 avqust 2026-cı il tarixli qərarında həmin dəlillərin əvvəlki instansiyalarda qiymətləndirildiyi göstərilməklə kifayətlənilmişdir. Halbuki mübahisənin nəticəsinə təsir edə biləcək sübutların mötəbərliyi, onların sübutetmə qüvvəsi və məhkəmələrin gəldiyi nəticələrin hansı hüquqi əsaslara söykəndiyi kassasiya instansiyası tərəfindən də əsaslandırılmış şəkildə qiymətləndirilməli idi.
Ekspertiza rəyinin tam mətni ilə tanış olun
Qeyd etmək istəyirəm ki, hazırkı mübahisə yalnız mənim mənzil əldə etmək hüququmla bağlı deyil. Eyni mənzilin müxtəlif şəxslərlə bağlanmış üç müqavilənin predmetinə çevrilməsi, müxtəlif şəxslərdən ayrı-ayrılıqda pul vəsaitlərinin alınması və nəticədə həmin şəxslərin eyni əmlak üzərində hüquq iddia etməsi ciddi araşdırma tələb edən hallardır.
Digər tərəfdən, məhkəmə qərarı ilə şirkətin mənə 118 125 manat qaytarması nəzərdə tutulsa da, bu günədək həmin vəsaiti də faktiki olaraq geri ala bilməmişəm. İllər ərzində mənzilə sahib olmaq və ondan istifadə etmək imkanından məhrum edilmişəm. Müqavilənin bağlandığı vaxtdan ötən müddət ərzində daşınmaz əmlak bazarında baş vermiş qiymət dəyişiklikləri də nəzərə alındıqda, yalnız vaxtilə ödədiyim nominal məbləğin qaytarılması üzləşdiyim maddi itkiləri tam aradan qaldırmır. Bu baxımdan, əlavə maddi zərərin müəyyən edilməsi və kompensasiyası ilə bağlı hüquqlarımın da qanunvericilik çərçivəsində qiymətləndirilməsini zəruri hesab edirəm.
Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2026-cı il tarixli 2(1-8)-1673/2026 nömrəli qərarından əlavə kassasiya şikayəti vermişəm. Həmin şikayətdə iş üzrə mühüm sübutların düzgün qiymətləndirilməməsi, 21 dekabr 2016-cı il tarixli müqavilənin əslinin təqdim edilməməsi, ekspert rəyinin əhatə dairəsinin düzgün müəyyən edilməməsi və kassasiya instansiyası tərəfindən konkret hüquqi dəlillərimə lazımi qiymət verilməməsi ətraflı əsaslandırılmışdır” – deyə A.Həsənov qeyd edib.
Ali Məhkəmənin qərarı ilə tanış olun
A.Həsənov hesab edir ki, iş üzrə sübutların lazımi qaydada araşdırılmadan və qiymətləndirilmədən qəbul edilmiş məhkəmə qərarları gələcəkdə yanlış məhkəmə təcrübəsinin formalaşmasına zəmin yarada bilər. Onun fikrincə, müqavilənin əslinin mövcud olmadığı, yalnız fotoşəkillərinin təqdim edildiyi halda həmin sənədin həqiqi hesab edilməsi, eləcə də fotoşəkildə montaj əlamətlərinin olmamasının müqavilənin hüquqi qüvvəsini təsdiqləyən hal kimi qiymətləndirilməsi digər oxşar mübahisələrdə də presedent yarada bilər. Bu isə vətəndaşların hüquqlarının müdafiəsi baxımından ciddi problemlərə səbəb ola bilər.
“Mənim məqsədim məhkəmələrin fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və ya hər hansı şəxsin mövqeyinin əvvəlcədən qəbul olunması deyil. İstəyim yalnız iş üzrə irəli sürdüyüm dəlillərin qanunvericiliyin tələblərinə uyğun, obyektiv və hərtərəfli araşdırılması, məhkəmə aktlarının qanuniliyinin təmin edilməsi və pozulmuş hüquqlarımın bərpası üçün qanuni mexanizmlərdən istifadə olunmasıdır. Sizdən qanuna hörmət edən Azərbaycan vətəndaşı olaraq mənə pozulmuş hüquqlarımın bərpası üçün köməklik göstərilməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2026-cı il tarixli, 2(1-8)-1673/2026 nömrəli qərarından verdiyim əlavə kassasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə obyektiv, hərtərəfli araşdırılmasına diqqət yetirilməsini xahiş edirəm”, – vətəndaş Ali Məhkəmənin sədrinə müraciətində vurğulayıb.

A.Həsənov, həmçinin Baş prokuror Kamran Əliyevə müraciət edərək “EVROSTROY-S.S” MMC-nin eyni mənzili bir neçə şəxsə satması ilə bağlı halların araşdırılmasını xahiş edib.
O bildirib ki, “EVROSTROY-S.S” MMC-nin eyni mənzili bir neçə şəxsə satması və hər bir alıcıdan ayrı-ayrılıqda pul vəsaiti alması yalnız mülki mübahisə kimi deyil, mümkün cinayət əməlləri baxımından da araşdırılmalıdır. A.Həsənov şirkət rəhbərliyinin mənzilin bir neçə şəxsə satılmasından xəbərdar olub-olmamasının, müqavilələrin hansı əsaslarla bağlanmasının, alıcılardan alınan pulların şirkətin hesabına daxil olub-olmamasının və sonrakı taleyinin müəyyənləşdirilməsini istəyir.
Şikayətçi həmçinin 2016-cı il tarixli müqavilənin həqiqiliyinin, həmin sənəddəki imza və möhürlərin mənşəyinin, eləcə də əvvəlki alıcının müqavilədən imtinasından sonra mənzilin yenidən satışa çıxarılmasının araşdırılmasını tələb edir. Onun fikrincə, şirkət rəhbərliyinin və aidiyyəti şəxslərin hərəkətlərində dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər mümkün cinayət əməllərinin əlamətləri olub-olmadığına hüquqi qiymət verilməlidir.
A.Həsənov Baş Prokurorluqdan araşdırmanın nəticəsinə uyğun prosessual qərar qəbul edilməsini, cinayət əməlləri müəyyən edilərsə, təqsirli şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülməsini, ona dəymiş maddi zərərin və pozulmuş hüquqlarının bərpası imkanlarının qiymətləndirilməsini xahiş edir.

“Hesab edirəm ki, mübahisəli mənzilin müxtəlif şəxslərə satılması, ayrı-ayrı şəxslərdən pul vəsaitlərinin alınması, əvvəlki müqavilənin əslinin təqdim edilməməsi və sonradan həmin mənzilə dair yaranmış mübahisənin xarakteri yalnız mülki-hüquqi münasibətlər baxımından deyil, həm də mümkün cinayət əməllərinin əlamətlərinin olub-olmaması baxımından araşdırılmalıdır. Belə ki, eyni əmlakın müxtəlif şəxslərə satılması nəticəsində hər bir alıcıdan ayrıca pul vəsaitinin alınması, müqavilələrin bağlanma şəraiti, şirkət rəhbərliyinin bu prosesdəki rolu və alıcıların hansı məlumatlar əsasında müqavilə bağlaması araşdırılmadan məsələnin bütün hallarına aydınlıq gətirmək mümkün deyil. Xüsusilə, “EVROSTROY-S.S” MMC-nin rəhbərliyinin mübahisəli mənzilə dair bir neçə müqavilənin bağlanmasından xəbərdar olub-olmaması, müqavilələrin hansı əsaslarla rəsmiləşdirilməsi, hər bir alıcıdan alınmış pul vəsaitlərinin şirkətin hesabına daxil olub-olmaması, həmin vəsaitlərin sonrakı taleyi və Xəlilov Nicat Ramiz oğlunun əvvəlki müqavilədən imtina etməsindən sonra mənzilin yenidən satışa çıxarılması məsələləri araşdırılmalıdır. Bundan əlavə, məhkəmə qərarı ilə şirkətin üzərinə 118 125 manatın mənə qaytarılması öhdəliyi qoyulsa da, hazırda həmin vəsaiti də faktiki olaraq geri ala bilməmişəm. Beləliklə, illərdir mənzildən istifadə edə bilmir, eyni zamanda ödədiyim pul vəsaitindən də məhrum vəziyyətdə qalıram. Qeyd olunan hallar nəticəsində mənə dəymiş maddi zərərin həcmi, şirkətin hərəkətləri nəticəsində yaranmış əlavə itkilər və pul vəsaitlərinin uzun müddət şirkətin sərəncamında qalmasının nəticələri də ayrıca araşdırılmalıdır.
Mən başa düşürəm ki, məhkəmə qərarlarının qanuniliyinin yoxlanılması və mümkün cinayət əməllərinin araşdırılması fərqli hüquqi prosedurlardır. Mənim müraciətim məhkəmə qərarlarının prokurorluq orqanları tərəfindən dəyişdirilməsi tələbi deyil. Məqsədim mübahisəli mənzilin müxtəlif şəxslərə satılması, vətəndaşlardan pul vəsaitlərinin alınması və bununla bağlı digər halların cinayət qanunvericiliyi baxımından obyektiv araşdırılmasına nail olmaqdır”, – o qeyd edib.
“Yuxarıda göstərilənləri nəzərə alaraq, Sizdən “EVROSTROY-S.S” MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 58 saylı mənzilin bir neçə şəxsə satılması və həmin şəxslərdən ayrı-ayrılıqda pul vəsaitlərinin alınması hallarının, o cümlədən 21 dekabr 2016-cı il tarixli, 26 nömrəli müqavilənin həqiqiliyinin və bağlanma şəraitinin, sənəddəki imza və möhürlərin mənşəyinin, habelə həmin müqavilə əsasında faktiki hüquqi münasibətlərin yaranıb-yaranmadığının hərtərəfli araşdırılmasını; şirkət rəhbərliyinin və aidiyyəti şəxslərin hərəkətlərində dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər mümkün cinayət əməllərinin əlamətlərinə hüquqi qiymət verilməsini, müxtəlif şəxslərdən alınmış pul vəsaitlərinin məbləğinin və sonrakı hərəkətinin müəyyən edilməsini; araşdırmanın nəticəsinə uyğun olaraq qanunla nəzərdə tutulmuş prosessual qərarın qəbul edilməsini, cinayət əməlləri müəyyən edildiyi təqdirdə təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsini, mənə dəymiş maddi zərərin və pozulmuş hüquqlarımın bərpası imkanlarının qiymətləndirilməsini, habelə müraciətimin nəticəsi və qəbul edilmiş qərar barədə mənə yazılı məlumat verilməsini xahiş edirəm”, – deyə A.Həsənov müraciətində bildirib.
Vətəndaş “EVROSTROY-S.S” MMC ilə mənzil alqı-satqısı ilə bağlı bağladığı müqavilə əsasında əldə etdiyi əmlaka sahiblik və istifadə hüquqlarımın təmin edilməməsi, eyni mənzilin bir neçə şəxsə satılması, ödədiyi pul vəsaitini geri ala bilməməsi və hüquqlarının müdafiəsi məqsədilə müraciət etdiyi məhkəmələrdə işin mühüm hallarına və təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verilməməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə də müraciət ünvanlayıb.
Yuxarıda sadalanan halları müraciətində qeyd edən A.Həsənov ölkə başçısından kömək istəyib: “Hörmətli cənab Prezident, bütün bu hadisələr nəticəsində mən artıq uzun müddətdir ki, nə əldə etdiyim mənzildən istifadə edə bilir, nə də həmin mənzilə görə ödədiyim pul vəsaitini geri ala bilirəm. Hüquqlarımın müdafiəsi məqsədilə müxtəlif instansiyalara müraciət etməyimə baxmayaraq, məsələ hələ də həllini tapmamışdır.
Mənim məqsədim hər hansı şəxsin qanunsuz şəkildə məsuliyyətə cəlb edilməsi və ya məhkəmələrin fəaliyyətinə müdaxilə olunması deyil. İstəyim baş verən hadisələrin bütün tərəflərinin obyektiv araşdırılması, iş üzrə yol verilmiş mümkün qanun pozuntularına hüquqi qiymət verilməsi, təqsirli şəxslərin qanun qarşısında məsuliyyət məsələsinin həll edilməsi və pozulmuş hüquqlarımın bərpa olunmasıdır.
Azərbaycan Respublikasının vətəndaşı kimi Sizə müraciət edir, bu məsələnin diqqətinizdə saxlanılmasını və aidiyyəti dövlət orqanları tərəfindən hərtərəfli və obyektiv araşdırılmasına köməklik göstərilməsini xahiş edirəm. Hesab edirəm ki, “EVROSTROY-S.S” MMC tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması nəticəsində hüquq və qanuni mənafelərim pozulmuş, işə baxılarkən məhkəmə səhvinə yol verilmiş və Konstitusiya ilə təminat altına alınmış mülkiyyət hüququm pozulmuşdur. Bu baxımdan, müraciətimdə və əlavə kassasiya şikayətimdə göstərilən dəlillərin nəzərə alınmasına, iş üzrə qəbul edilmiş məhkəmə qərarlarında yol verildiyini hesab etdiyim səhvlərə və şirkətin vəzifəli şəxslərinin hərəkətlərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməsinə, mənə dəymiş maddi zərərin və pozulmuş hüquqlarımın bərpası imkanlarının araşdırılmasına, nəticədə qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsinə və aparılmış araşdırmanın nəticəsi barədə mənə məlumat verilməsinə diqqət yetirilməsini xahiş edirəm”.
Şəbnəm Mehdizadə
