Məzmuna keç

Avtomobil idarə etmək ürəyə gizli gərginlik yaradır – ARAŞDIRMA

Avtomobil idarə edərkən tələb olunan davamlı diqqət və sayıqlıq ürək döyüntüsünün yuxarı qalmasına səbəb olur.

E-huquq.az xəbər verir ki, ABŞ-nin Hyuston Universitetinin tədqiqatçıları avtomobil idarə etməyin insan orqanizminə təsirlərini araşdırıblar. npj Digital Public Health jurnalında dərc olunan tədqiqatda orta yaşı 26,2 olan 57 nəfər bir həftə ərzində müşahidə edilib.

Ağıllı saatlar, telefonlar və avtomobildaxili cihazlardan toplanan təxminən 3000 saatlıq məlumatların təhlili zamanı müəyyən olunub ki, iştirakçıların ürək döyüntüsü digər oturaq fəaliyyətlər zamanı vaxtın 81 faizində, avtomobil idarə edərkən isə 94 faizində istirahət səviyyəsindən yüksək olub.

Tədqiqatçılar bildiriblər ki, sükan arxasında ürək döyüntüsü daha dar diapazonda dəyişir və ürəyin istirahət tezliyinə qayıtması digər oturaq fəaliyyətlərlə müqayisədə daha az müşahidə olunur.

Mütəxəssislər bu vəziyyətin davamlı diqqət və reaksiya hazırlığı ilə əlaqəli olduğunu qeyd edirlər. Onların sözlərinə görə, avtomobil idarə edərkən ürək döyüntüsünün uzun müddət yüksək qalmasının birbaşa zərərli olduğu hələ sübut edilməsə də, bu amilin uzunmüddətli sağlamlıq nəticələri əlavə araşdırılmalıdır.

Tədqiqatın əsas müəllifi İoannis Pavlidis gündəlik uzunmüddətli avtomobil idarəetməsinin ürək-damar sağlamlığına mümkün təsirlərinin ciddi şəkildə öyrənilməsinin vacibliyini vurğulayıb.

Şəbnəm Mehdizadə