“Təqdim olunan Dövlət rüsumu haqqında qanun layihəsi məhkəməyə müraciət edən şəxslərin dövlət rüsumu ilə bağlı xərclərinin azaldılmasını və məhkəmə işlərinə daha operativ baxılmasını nəzərdə tutur”.
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azər Badamov “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi” haqqında danışarkən söyləyib. O bildirib ki, qanun layihəsində iki əsas dəyişiklik təklif olunur:
“Birinci dəyişiklik məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun azaldılması ilə bağlıdır. Hazırda bu ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilir. Təklif olunur ki, həmin məbləğ 25 manata endirilsin. Məlumat üçün bildirim ki, məhkəmə əmri əsasən borclunun mübahisə etmədiyi, aşkar və mübahisəsiz pul və ya əmlak tələbləri üzrə tətbiq olunur. Bu qaydada məhkəmə əmri ərizə daxil olduqdan sonra 3 gün ərzində, məhkəmə iclası keçirilmədən və tərəflər çağırılmadan verilir. Yəni, bu, məsələnin daha sadə və sürətli həlli üsuludur. Lakin hazırda məhkəmə əmri üçün müəyyən edilmiş 100 manat dövlət rüsumu bəzi hallarda vətəndaşları həmin qaydadan istifadə etmək əvəzinə adi iddia qaydasında məhkəməyə müraciət etməyə yönəldir. Beləliklə, daha sadə qaydada həll edilə biləcək işlərə daha mürəkkəb prosedurla baxılır, həm vətəndaşlar əlavə xərc çəkir, həm də məhkəmələrin vaxtı və resursları daha çox sərf olunur”.
Deputat qeyd edib ki, dövlət rüsumunun 100 manatdan 25 manata endirilməsi bu problemin aradan qaldırılmasına və vətəndaşların daha sürətli olan məhkəmə əmri icraatından istifadəsinin təşviq edilməsinə xidmət edəcək:
“İkinci dəyişiklik apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumunun hesablanması qaydasına aiddir. Hazırda bu şikayətlərə görə dövlət rüsumu ilkin iddia üzrə müəyyən edilmiş rüsumun 50 faizi həcmində hesablanır. Təklif olunur ki, qiymətləndirilən iddialar üzrə şikayət verildikdə dövlət rüsumu iddianın ümumi məbləğinə deyil, yalnız mübahisələndirilən hissəsinə uyğun hesablansın. Məsələn, şəxs iddianın yalnız müəyyən hissəsi ilə razılaşmırsa, şikayət verərkən dövlət rüsumunu bütün iddia məbləğinə görə deyil, məhz mübahisələndirdiyi hissəyə görə ödəyəcək. Bu dəyişiklik şikayət verən şəxslərin, xüsusilə də iddianın yalnız bir hissəsindən narazı olan şəxslərin maliyyə yükünü azaldacaq. Beləliklə, qanun layihəsi bir tərəfdən məhkəmə əmri ilə bağlı dövlət rüsumunu əhəmiyyətli dərəcədə azaldır, digər tərəfdən isə apellyasiya və kassasiya şikayətləri üzrə dövlət rüsumunun daha ədalətli hesablanmasını təmin edir.Ümumilikdə, təklif olunan dəyişikliklər vətəndaşların məhkəməyə müraciət xərclərinin azaldılmasına, mübahisələrin daha çevik həllinə və məhkəmələrin iş yükünün optimallaşdırılmasına xidmət edir”.
Şəbnəm Mehdizadə
