Məzmuna keç

Hərbi prokuror: “Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb”

"“Global Firepoer” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında Azərbaycan Ordusu ötən illərdə olduğu kimi Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb”.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində bildirilib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsinin davamlılığını hər zaman diqqət mərkəzində saxlayan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə müstəsna əhəmiyyətli böyük işlər görülüb. Ordu quruculuğu sahəsində həyata keçirilən köklü islahatlar və kompleks tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da möhkəmləndirilib, arsenalı ən müasir silah – sursat və hərbi texnika ilə təchiz olunub, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi – psixoloji hazırlığı artırılıb. Nəticədə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalşıb.

Xanlar Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin planetimizdə tüğyan edən koronavirus pandemiyası şəraitində də qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq beynəlxalq əhəmiyyətli çox mühüm ideyalar irəli sürdüyünü vurğulayıb. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi cənab Prezidentin təşəbbüsü ilə aprel ayında koronavirusa qarşı mübarizə mövzusunda təşkilatın dövlət və hökumət başçıları səviyyəsində fövqəladə Zirvə görüşü keçirilib. Qeyd edilməlidir ki, sözügedən təşkilat bu mövzuda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub”.