Məzmuna keç

Bakıda bu il 28 quldurluq və 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bakıda bu il 28 quldurluq və 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

İyulun 18-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bakı şəhər prokurorluğundan e-huquq.az-a verilən xəbərə görə, müşavirədə məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə edilib.

Qeyd olunub ki, 2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 % azalaraq 5496 hadisə olub, qeydə alınmış cinayətlərin açılma faizi 6,7% azalaraq 75,4 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 37 hadisə və ya 5,6% artaraq 695 olub.

2019-cu ilin birinci yarısında qeydə alınmış 37 qəsdən adam öldürmə cinayətinin 1-i istisna olmaqla, 19 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.

Hesabat dövründə 28 quldurluq və 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ümumilikdə quldurluq hadisələrindən 7-si, yol-nəqliyyat hdisələrindən isə 5-i bağlı qalıb. 2019-cu ilin birinci yarısında şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilib işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 590 işdən 252-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 6680 cinayət işindən 2183-nün istintaqı tamamlanıb.