Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev Mülki Prosessual Məcəlləyə təklif edilən və geniş müzakirələrə səbəb olan dəyişikliklərlə bağlı e-huquq.az-ın suallarını cavablandırıb:
– Sənan müəllim, məhkəmələrə əsassız vəsatət və şikayət verən vəkili 500 manatadək cərimələmək hüququnun verilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Bu dəyişiklik hansı zərurətdən yarandı və əsas mahiyyəti nədən ibarətdir?
– Əslində, Mülki Prosessual Məcəllənin hazırki redaksiyasının 120-ci maddəsində eyni məsələ öz əksini tapıb. Sadəcə burada konkret məbləğ göstərilməmişdi, işin uzadılmasına yönəlik əsassız şikayətlər, əsassız iddialarla bağlı ağlabatan həddə tərəfin xeyrinə müəyyən məbləğin tutulması nəzərdə tutulmuşdu. İndi burada məbləğlə bağlı dəqiqləşdirmə oldu. Adətən vəsatətlərin, əsassız şikayətlərin verilməsi vəkillər tərəfindən olur. Artıq hakim prosesi qiymətləndirib müəyyən etməlidir ki, əsasız uzadılmaya yönəlik hərəkətlər, prosesin prosessual müddətlər çərçivəsində baxılmasına imkan verilməməsi ilə bağlı olan qanunsuz əsaslar kim tərəfindən olunur? Nümayəndə, vəkil yoxsa tərəfin özü? Buna uyğun olaraq cərimənin tətbiqi nəzərdə tutulub. Cərimənin 500 manatadək, ikinci cümlədə isə ağlabatan həddə olması yazılıb. Köhnə, yəni hazırki redaksiyada yazılıb ki, ağlabatan həddə olmalıdır. Əslində dərinə getsək, bugünkü qanunvericiliyin tələbi baxımından 500 manatdan da artıq cərimələmək imkanı var. Sadəcə olaraq, biz əlavə etmişik ki, həm tərəf, həm vəkil, həm də nümayəndənin bu cərimənin təsirinə məruz qalması imkanı olacaq.
– Qeyd etdiyiniz kimi, əsassız vəsatətlər hakimlər tərəfindən müəyyən ediləcək. Belə olan halda hakimlərin bu səlahiyyətdən sui-istifadə edəcəyi iddia olunur. Bu məsələ necə tənzimlənəcək?
– Ümumiyyətlə, 120-ci maddə bu günə kimi o qədər də tətbiq olunan maddə deyildi. Siz vəkillərdən də sorğu keçirsəniz, görünər ki, bu məsələni məhkəmələr, hakimlər ümumiyyətlə, tətbiq etməkdən çəkinirdilər. Çox müstəsna hallarda tətbiq olunurdu. Bu haldan əgər sui-istifadə olarsa, təbii ki, Məhkəmə-Hüquq Şurasına, yuxarı məhkəmə orqanlarına müraciət, tətbiq olunan cərimədən şikayət və onun götürülməsi imkanı var. Burada söhbət məhkəməyə hər hansı bir səlahiyyət verilməsindən getmir. Bu dəyişikliklərin edilməsinin kökündə vətəndaşların məhkəmə orqanlarına etdiyi şikayətlər dayanır. Şikayətlərin də əsas kökü yalnız proseslərin əsassız şəkildə uzadılması, təxirlərə salınması, prosessual qanunvericiliyin müəyyən etdiyi müddətlərdə işlərə baxılmamasıdır.
– Məlum olduğu kimi, qanunvericiliyə ediləcək dəyişikliklərə əsasən kassasiya şikayətlərinin hədləri də dəyişdirilir. Bu həddin 2000 manatdan 5000 manata qaldırılması nəzərdə tutulur. İddia olunur ki, bununla aztəminatlı ailələrin məhkəməyə müraciət imkanı məhdudlaşacaq. Bu barədə nə deyə bilərsiniz?
– Belə bir fikir formalaşıb ki, bu kassasiya məhkəməsinin iş yükünün azaldılmasına yönəlik tədbirdir. Amma qətiyyən belə deyil. Bu məsələyə tam tərs tərəfdən yanaşmaq lazımdır. 5 min manata qədər, məhkəmədə mülki icraatda olan işlər əsasən məişət xarakterli mübahisələrdir. Eyni zamanda alimentlə bağlı olan tələblərdir. Bildiyiniz kimi, alimentin artırılması tələbləri qərarın qanuni qüvvəsini almasından sonra qüvvəyə minir və icraya yönəldilir. Statistika göstərir ki, bu xarakterli işlərin Ali Məhkəmədə ləğv faizi çox cüzidir. Yəni, əslində bu qərarların 90 faizdən çoxu qüvvvədə saxlanılır. Əslində, bu işlərin kassasiyaya daşınması həmin qərarların vaxtında qüvvəyə minərək hüququ pozulmuş şəxslərin hüquqlarının bərpa olunmasının qarşısını alır. Yəni, əgər apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar qüvvvədə qalarsa, onda icraya da vaxtında yönəlmiş olar. Statistikaya əsasən deyə bilərəm ki, 200 mindən artıq iş 2018 və 2019-cu illərdə birinci instansiya məhkəməsində icraatda olub. Onlardan cəmi 26-28 min işə apelyasiya məhkəməsində baxılıb. Göründüyü kimi, 70-80, hətta 90 faiz işdən apelyasiya şikayəti verilmir. Apelyasiya icraatında baxılmış işlərə gəldikdə isə, onlardan maksimum 8-9 min işə kassasiya icraatında baxılır. Görünür ki, 70 faiz iş də kassasiyaya gəlmir, yəni kasassiya şikayətləri verilmir. Əslində, həmin şikayət verilməyən işlər qüvvəyə minən işlərdir. Bu işlərin də vaxtında qüvvəyə minib icra olunması daha balanslaşdırılmış və tərəfin xeyrinə olacaq, nəinki onu kassasiyaya gətirmək. O qədər də əhəmiyyətli, kassasiyanın ruhuna uyğun olmayan, hüququn inkişafı və vahid məhkəmə təcrübəsinin təmin olunması baxımından əhəmiyyətsiz olan işlərin kassasiya icraatına daşınmasını məqsədəuyğun hesab etmirik. Ali Məhkəmənin monitorinq, vahid məhkəmə təcrübəsinin təmin olunması baxımından ümumiləşdirmə imkanları var ki, onunla həmin iddialar üzrə qanun tətbiqi vəziyyətini qiymətləndirmə imkanı yenə də bizim vəzifəmiz, imkanımız və hüququmuz olaraq da qalır.
