Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 13 üzvü -Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə növbəti iclası davam edib.
E-huquq.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.
Daha sonra təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif olunub.
Prosesdə ifadə verən təqsirləndirilən Haykaz Hovanisyan bildirib ki, noyabrın 25-də hərbi hissəyə çağırılıb və silahla təmin edilərək Laçına, oradan da Hadruta göndərilib: "Bizə dedilər ki, sərhədimizi qorumağa gedirsiniz və posta göndərdilər. Dekabrın 13-də Arsen Kazaryan bizim dəstə rəhbərinə zəng etdi ki, postu tərk edək. Aşağı düşərkən Azərbaycan hərbçiləri bizi saxladılar, silahlarımızı aldılar".
Prokurorun suallarını cavablandıran dəstə üzvü bildirib ki, onlar saxlanılmamışdan bir gün əvvəl Azərbaycan hərbçiləri onlara ərazidən çıxmaq barədə xəbərdarlıq etsə də, buna əməl etməyiblər. Nəticədə Azərbaycan hərbçiləri onları saxlayıb: "Bizə demişdilər müharibə bitib, amma hansı ərazinin bizdə olduğunu demirdilər. Mən bilirəm ki, Qarabağ Azərbaycanındır. Hərbi xidməti də Azərbaycan ərazisində keçdiyimi bilirdim, amma buna məcbur idim. Çünki komissarlıq məni hərbi xidmətə ora göndərmişdi".
Proses iyulun 2-də davam etdiriləcək.
