Şəhid ailəsinin üzvü Yeganə Məmmədova, 1-ci Qarabağ müharibəsinin veteranı Təranə Həsənova qardaşları sahibkar Həsənov Üzeyir Nadir oğlu ilə bağlı Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyevaya müraciət edib.
E-huquq.az-ın redaksiyasına daxil olan müraciətdə deyilir:
"Çox hörmətli Səbinə xanım!
Şəhid ailəsinin üzvü və müharibə veteranı olaraq hazırda Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında həbsdə saxlanılan qardaşımız Həsənov Üzeyir Nadir oğlunun vəziyyəti ilə əlaqədar ölkə vətəndaşlarına daim göstərdiyiniz dəqqətiniz, qayğıkeşliyiniz, mərhəmətiniz səbəbindən Sizə də müraciət etmək qərarına gəldik. Bizi narahat edən qardaşımızın səhhətidir. Qadına məxsus dərin mərhəmət hissiniz səbəbindən bacı olaraq qardaşımızın səhhətinin bizi necə narahat etdiyini duya biləcəyinizdən üzümüzü Sizə tuturuq!
Hörmətli Səbinə xanım! Belə ki, doğma qardaşımız Həsənov Üzeyir Nadir oğlu gənc yaşlarından sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və ömrü boyu öz doğmalarına qayğı göstərməklə yanaşı, yüzlərlə insana əl tutaraq onların dərdinə və problemlərinə şərik olmuşdur. O, həyatı boyunca ədalətli və dürüst olmaq prinsipləri əsasında yaşamış, daima ölkənin siyasi kursunu dəstəkləmiş və heç vaxt Dövlətimizin əleyhinə olan bir iş görməmişdir. Lakin 2021-ci ilin aprel ayında DTX tərəfindən onun barəsində cinayət işi çərçivəsində ağır cinayətə görə (mənimsəmə və talama) maddələri üzrə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hörmətli Səbinə xanım! Qardaşımız Üzeyir heç bir halda Dövlətin əmlakını mənimsəyə biləcək xarakterə sahib deyildir. O, öz fəaliyyətini daima qanuna, dürüstlüyə və etibara arxalanan prinsiplər əsasında qurmuşdur. Hər bir insanın fəaliyyətində qüsur və çatışmazlıqlar ola bilər, lakin Dövlətin əmlakına qəsd etmək, talamaq – bu mümkün deyil!
Çox hörmətli Səbinə xanım! Bir neçə ailəyə qayğı və yardım göstərən, Azərbaycanın qeyrətli oğlu kimi tanınan, hər daim Azərbaycan Xalqının, Dövlətinin və Prezidentinin yanında olan qardaşımız Üzeyirin səhhətində yaranan ciddi problemləri nəzərə alaraq (şəkər, təziq və ürək çatışmazlıqları var) onun barəsində seçilmiş ən ağır həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması üçün köməklik göstərməyinizi həm bacıları, həm bu işdə bizim ailədən dəstəyini əsirgəməyən Şuşa ziyalılarının, yüzlərlə insanın adından xahiş edirik!
Bir daha qeyd etmək istəyirik ki, bizi narahat edən sadəcə doğma qardaşımızın səhhətidir. İstintaqın aparılmasından heç bir narazılığımız yoxdur. Havaların isti və ağır keçməsi, pandemiya şəraitinin hələ də davam etməsi onun səhhətini daha da ağırlaşdırmaqdadır. Qeyd etmək istəyirik ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi istintaqın gedişatına heç bir halda mane olmayacaqdır.
Rəhm və xeyirxahlığınıza arxalanaraq bizə köməklik göstərəcəyinizə ürəkdən inanırıq!"
