Məzmuna keç

“Göndərişlərin gecikməsi xəstələrin sağlamlığı üçün risk yarada bilər”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc özəl klinikalara göndərişlə bağlı problemlərə diqqət çəkib.

E-huquq.az xəbər verir ki, deputat bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, xəstələrin icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrinə göndəriş alması və həkim seçimi ilə bağlı çətinliklər də diqqət tələb edir.

Deputatın sözlərinə görə, mövcud qaydalara əsasən, tələb olunan tibbi xidmətin dövlət tibb müəssisəsində göstərilməsi mümkün olmadıqda xəstəyə özəl tibb müəssisəsinə göndəriş verilə bilər. Lakin müraciətlərdə növbələr, göndərişlərin gecikməsi və təkrar müayinələrlə bağlı şikayətlər səsləndirilir.

“Əlbəttə, bütün xidmətlərin məhdudiyyətsiz maliyyələşdirilməsi qeyri-mümkündür. Bununla belə, dövlət müəssisəsində avadanlıq işləmirsə, mütəxəssis yoxdursa və ya gözləmə xəstənin sağlamlığına risk yaradırsa, o zaman müəyyən çıxış yolları tapılmalıdır. İmtina və gecikmənin səbəbləri də xəstələrə bildirilməsi vacibdir”, – deyə Z.Oruc qeyd edib.