Məzmuna keç

Məhkəmə-Hüquq Şurasının açıqladığı siyahıda yer almayan hakim kimdir?

Xəbər verdyimiz kimi, Məhkəmə-Hüquq Şurasının dekabrın 20-də keçirilən iclasında 2018-ci ildə hakim vəzifəsinə təyin olunmuş 107 nəfərin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onları xarakterizə edən rəy, sənəd və digər materialların toplanıldığı bildirilib, habelə ətraflı təhlillər aparılmaqla fəaliyyətləri hərtərəfli qiymətləndirilib.

E-huquq.az xəbər verir ki, onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən 3 nəfərin səlahiyyətlərinə xitam verilməsi, fəaliyyətində fərqlənən 8 nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi, digərlərinin isə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun sayılıb.

Məhkəmə-Hüquq Şurası tərəfindən müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun hesab edilən hakimlərdən 95 nəfərin səlahiyyət müddəti ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə uzadılıb.

E-huquq.az-a daxil olan çoxsaylı oxucu müraciətlərində Məhkəmə-Hüquq Şurası tərəfindən 107 nəfərlə bağlı qiymətləndirilmə aparılmasının bildirildiyi halda, qərarların 106 nəfəri əhatə etdiyi qeyd olunub və qərarlardan kənarda qalan 1 hakimin kim olduğu barədə suallar yer alıb.

Məsələ ilə bağlı apardığımız araşdırmanın nəticəsində məlum oldu ki, sözügedən 1 hakim öz ərizəsi ilə müraciət edərək səlahiyyət müddətinin artırılmasını istəməyib. Həmin hakim Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğludur.