"Sabah keçiriləcək vəkilliyə qəbul üzrə bu ilin ikinci yazılı imtahanına 241 nəfər vəkilliyə namizədin qatılacağı gözlənilir. Sevindirici haldır ki, öncədən planlaşdırdığımız kimi namizədlərin əksəriyyəti ölkə regionlarında fəaliyyət göstərən hüquqşünaslardır. Qısa zaman ərzində bu sayda hüquqşünasın vəkil olmaq niyyəti cəmiyyətdə peşəmizin nüfuzunun artırılmasının ən bariz göstəricisidir".
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov özünün "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, test tapşırığının aydın, səlist və çətin olmaması üçün Vəkillər Kollegiyası tərəfindən bütün zəruri tədbirlər görülüb: "Namizədlərin hamısının uğur qazanması isə bizim ən çox arzuladığımız bir nəticə olardı. Böyük vəkil ailəsi hər birinizi öz sıralarında görmək arzusundadır, vəkilliyi seçdiyiniz üçün çox sağ olun, seçiminiz xeyirli-uğurlu olsun".
A. Bağırov imtahanda uğur qazana bilməyən namizədləri ruhdan düşməməyə çağırıb.
"Əminəm ki, sabahkı imtahan da bu il sonuncu olmayacaq və uğur qazana bilməyən namizədlərimiz qətiyyən ruhdan düşməsinlər. Məlum olduğu kimi, bu yaxınlarda qanuna edilmiş mütərəqqi dəyişikliyə əsasən yazılı imtahanda kəsilən namizədlər bir il gözləmədən ən yaxın zamanda növbəti yazılı imtahana yenidən qatıla biləcəklər. Bir daha hər bir namizədə müvəffəqiyyətlər arzulayıram", deyə, sədr qeyd edib.
