Məzmuna keç

Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasında hüququn aliliyi

“Müstəqilliyimiz əbədi və dönməzdir!” – bəyan edən Ulu Öndər əsl xalq hakimiyətinin bərqərar olması, demokratik dövlətin təşəkkül tapması üçün əsas məsələnin dövlət təhlükəsizliyi, ərazi bütövlüyümüzün bərpası olmasını çox gözəl bilirdi. Həmin dövrdə dövlətimizə qarşı xarici dövlətlərin düşmən, ikili siyasətinin ifşa edilməsi və Azərbaycana qarşı formalaşdırılan mənfi münasibətin əsassız olmasının sübut edilməsi vacib idi. Bir tərəfdən müstəqilliyimizə düşmən olan qüvvələrlə beynəlxalq səviyyədə mübarizə aparmaq, digər tərəfdən həmin dövrdə cəmiyyət həyatında və dövlətin idarəedilməsində özbaşınalıq və xaotik vəziyyətin aradan qaldırılması, cəmiyyətin rifahının yaxşılaşdırılması istiqamətində islahatların aparılması zərurəti yaranmışdı. Müstəqil siyasət əsasında dövlətimizin iqtisadi suverenliyinin təmin edilməsinə böyük ehtiyac vardı. Ulu Öndər yaxşı bilirdi ki, müstəqil iqtisadiyyatı olmayan dövlət siyasi cəhətdən də müstəqil ola bilməzdi. Bu da bir həqiqət idi ki, bütün islahatlar hüquqi təminatlara malik olmadıqca, yalnız formal xarakter daşıyar. Bu mənada müstəqil Azərbaycanda hüquqi islahatların aparılması mütləq idi. Qanunçuluğun və hüquq qaydasının təşəkkül tapması üçün ümumbəşəri demokratik hüquqi dəyərlərə cavab verən normativ baza yaradılmalı idi. Ulu Öndərin dövründə hazırlanan və onun tərəfindən imzalanan normativ hüquqi sənədlərə nəzər saldıqda ən mütərəqqi ideyalara-qanunçuluq, hüquq qaydası, aşkarlıq, bərabərlik, insan hüquqlarının aliliyi və təminatlılığı və s. sadiqliyin şahidi oluruq. Birmənalı şəkildə qeyd edə bilərik ki, müstəqil Azərbaycanın qurucu lideri Ulu Öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti dövründə hüquq siyasətinin ana xəttini qanunun aliliyi təşkil etmişdir. Bu elə bir prinsipdir ki, kimliyindən asılı olmayaraq hamı tərəfindən qanunun tələblərinə əməl edilməyən cəmiyyət heç bir zaman, hüquqi hesab edilə bilməz, o cümlədən inkişaf edə bilməzdi. Heydər Əliyev bütün həyatı boyu bu prinsiplərə sadiq qalmış bir liderdir. Hələ vaxtilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi 1969-cu ilin avqust plenumundakı çıxışında həmin dövrün ictimai-siyasi həyatında nöqsanlı cəhətləri cəsarətlə, çəkinmədən, heç kimin söyləyə bilmədiyi şəkildə tənqid etməklə bu neqativ halları açıqladı və ona qarşı mübarizəyə çağırış etdi.

Həmin çıxış bütün ittifaqda mövcud vəziyyətə obyektiv yanaşmağı, bu neqativ hallara qarşı qətiyyətli mübarizə aparmağı tələb edirdi. İlk dəfə idi ki, bu çıxışda ölkədə gedən proseslərə fərqli baxış ortaya qoyulur, mövcud nöqsanlar tam çılpaqlığı ilə açıqlanır, onların aradan qaldırılması üçün yollar müzakirəyə çıxarılırdı. Bu, o zamankı Azərbaycan üçün artıq böyük hadisə idi. O, dövrdə xarici radiostansiyalarda müttəfiq respublika rəhbəri Heydər Əliyevin çıxışı yayımlanır, onun SSRİ-də rüşvətxorluğun mövcudluğunu təsdiq etməsi və neqativ hala qarşı mübarizənin vacibliyini vurğulaması qeyd edilirdi. Bu çıxış ittifaqda böyük sensasiya yaratdı, bütün müttəfiq respublikalarda öz fəaliyyətlərinə tənqidi yanaşmanın vacibliyi önə çəkildi, təkcə Azərbaycanda deyil ittifaq miqyasında əhalinin böyük rəğbətinə səbəb oldu. Unutmaq olmazdı ki, heç bir cəmiyyət problemsiz deyildi, lakin bu problemləri mövcud siyasi rejim çərçivəsində həmin dövrdə açıq-aşkar dilə gətirmək böyük cəsarət tələb edirdi. Bəli, H.Əliyev xalq rəhbəri idi, məhz belə cəsarətli çıxış da onun şəxsiyyətinə xas olan xüsusiyyət idi.

Sonrakı fəaliyyəti dövründə o dövr üçün çox populyarlıq qazanmış: “Qoy ədalət zəfər çalsın!” – bəyanı Heydər Əliyevin siyasətinin əsas qayəsini təşkil etdi. Bu sadəcə şüar deyildi, bütün dövlət və cəmiyyət həyatının təməl müddəasına çevrilən, reallaşan, ideya, rəhbər bir müddəa idi. Müdrik şəxsiyyətin ədalətə çağrışı, insanların dövlətə inamını möhkəmləndirir, onları daha əzmlə çalışmağa, sədaqət nümayiş etdirməyə sövq edirdi. Ulu Öndər kadr məsələlərinə xüsusi önəm verirdi. Belə ki, ən mütərəqqi qanun, ən mükəmməl islahat savadlı, bacarıqlı, təcrübəli, əxlaqi mənəvi keyfiyyətlərə cavab verən vicdanlı, dürüst, məsuliyyətli kadrlar olmadan həyata keçirilə bilməzdi. O özünə də eyni tələblərlə yanaşırdı və bu onun böyük şəxsiyyət olmasına dəlalət edən cəhət idi.

Ulu Öndər Heydər Əliyevin peşəkarlığa və öz işinə məsuliyyətlə yanaşmanın mühümlüyünə neçə yüksək qiymət verməsi barədə maraqlı bir məqam onun şəxsiyyətinin bu səciyyəvi xüsusiyyətini daha da dolğun şəkildə əks etdirir.

Vaxtilə Azərbaycan KP MK-nın ikinci katibi olmuş Vladimir Yefimov Semiçastnı Heydər Əliyevə Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsini təklif edir. Heydər Əliyev deyir: “Bilirsinizmi, mən təhsil etibarilə hüquqşünas deyiləm. Əməliyyat işçisiyəm. Odur ki, belə bir məsuliyyəti üzərimə götürmək istəməzdim. Özümü də, sizi də pis vəziyyətdə qoya bilərəm. Ən əsası da işə ziyan dəyər…”.

Bu davranış Heydər Əliyevin iki xüsusiyyətini qabarıq şəkildə üzə çıxarır, öz işinə məsuliyyətli yanaşma və peşəkarlıq. Bu isə əməli fəaliyyətin ən vacib tərkib hissəsidir. Heydər Əliyev öz şəxsi nümunəsində belə hüquqi boşluqlara yol verməyi sevmir və bütün məsələləri hüquqi prosedurlara uyğun həyata keçirməyə üstünlük verirdi.

Ulu Öndərin uzaq görən siyasətinin nəticəsində sadə, zəhmətkeş, ziyalı ailələrdə böyüyən gənclərin hüquqşünaslıq ixtisasına yiyələnməsinin önü açıldı. Bu SSRİ-də ilk idi ki, rəhbər şəxslərin övladları hüquq fakultəsinə qəbul edilə bilməzdi.

Ulu Öndər SSRİ – Kommunist Partiyasının Siyasi Bürosundan istefa verdikdən sonra 1990-cı ilin yay aylarında Bakı şəhərinə qayıdır, Heydər Əliyevi o dövrdə siyasi hakimiyyətdə olan şəxslər tərəfindən Bakı şəhərində yaşamasına imkan yaradılmadığı üçün o doğulduğu Naxçıvana qayıtmaq məcburiyyətində qalır. O, siyasi fəaliyyətdən kənarda qalmır, öz ömrünün mənası, bacarıq və səriştəsini Naxçıvanda çətin vəziyyətdə olan xalqımıza xidmət etməkdə görürdü. Naxçıvan öz müdrik oğluna sahib çıxır, xalq onu, öz xilaskarını təmtəraqla qarşılayır. Parlament seçkilərində onun namizədliyinin irəli sürülməsi məsələsi aktual olanda hüquqi zəminlər mövcud olmalı idi. Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyəti Naxçıvanda keçirilən seçkiyə qatılmaq üçün hüquqi təminatların yaradılmasını təmin etdi. Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyətinin 21 avqust 1990-cı il tarixində aşağıdakı məzmunda qərar qəbul etdi.

H.Ə.Əliyev yoldaşın Naxçıvan MSSR vətəndaşı sayılması haqqında,

Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyətinin qərara alır:

Naxçıvan şəhərində anadan olduğunu, təhsil aldığını, uzun illər xidmət etdiyi və hazırda ümumittifaq əhəmiyyətli təqaüdçü olub. Naxçıvan şəhərində yaşadığını nəzərə alaraq, Naxçıvan MSSR Konstitusiyasının 28-ci maddəsinə uyğun olaraq 1923-cü ildə anadan olmuş, Azərbaycan SSR pasportu olan, azərbaycanlı Heydər Əlirza oğlu Əliyev yoldaş Naxçıvan MSSR vətəndaşı sayılsın.

Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri A.Cəlilov

Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi H.Xəlilov

Naxçıvan şəhəri, 21 avqust 1990-cı il

Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasından deputat seçildikdən sonra onun Azərbaycan Parlamentindəki ilk çıxışında gələcək müstəqil dövlətin prioritetlərini elan etmişdir. Heydər Əliyevin dövlət müstəqlliyi konsepsiyasının ideoloji əsasını təşkil edən bu çıxışda gələcək müstəqil dövlətin prioritetlərini elan edir. O, bildirir ki, demokratiyanın, siyasi plüralizmin, aşkarlığın inkişafı üçün şərait yaradılmalıdır. Bütün siyasi qüvvələr eyni hüquqda fəaliyyət göstərməlidir. Xalqa hər şey düzgün çatdırılmalıdır. Sosial ədalət bərqərar olmalıdır. Heydər Əliyevin müstəqil dövlət konsepsiyasının əsasını aşağıdakılar təşkil edirdi.

Dövlət müstəqilliyi

Demokratiya, siyasi pülüralizm, şəffaflıq.

Hüququn aliliyi.

Sosial ədalət.

Heydər Əliyev sona qədər elan etdiyi prinsiplərə sadiq qaldı. Xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev hüququn aliliyini təmin etmək məqsədi ilə 12 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul etməsi hüquqi dövlət quruculuğunda mühüm addım oldu.

Konstitusiyanın preambula hissəsində dövlətin əsas niyyətlərini bəyan edir:

– Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

– vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

– xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

– ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Göründüyü kimi qanunun aliliyi Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının ana xəttini təşkil edir. Azərbaycanın yeni Konstitusiyanın qəbul edilməsi ilə Heydər Əliyev qanunvericilik bazasının əsasını yaratdı. Yeni Konstitusiya dünyada qəbul edilmiş demokratik və hüquqi dövlət anlayışına cavab verən əsas qanun kimi hakmiyyət bölgüsü prinsipinə əməl edərək hakimiyyətin üç qolunu icra, məhkəmə, qanunvericlik hakimiyyəti prinsipinə əməl edildi. Yaradılmış hüquqi təminatlar iyerarxik olaraq digər qanunların yaradılması ilə nəticələndi.

Heydər Əliyev yeni Konstitusiya layihəsinin müzakirəsi zamanı aşağıdakı tarixi fikirləri səsləndirdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq".

Bununla da Heydər Əliyevin hüquq siyasəti nəticəsində Qanunvercilik bazasının formalaşması, təkmilləşməsi, beynəlxalq hüquqi sənədlərin milli qanunvericiliyin tərkib hissəsinə çevrilməsi prosesi dinamik xarakter almağa başladı.

Hüquq İslahatlar Konstitusiyanın qəbulundan sonra iri miqyasda, ardıcıl şəkildə davam etdirildi. Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə Hüquqi İslahat Komissiyasının yaradılması da bu siyasətin uğurlu tərkib hissəsinə çevrildi. Heydər Əliyev sözügedən Komissiyaya şəxsən rəhbərlik edirdi. Bunun nəticəsi idi ki, yeni çağırışlara cavab verən yeni qanunlar qəbul olundu. Komissiya tərəfindən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar işlənib hazırlandı.

Cəza siyasətinin humanistləşdirilməsi də məhz Heydər Əliyevin adı ilə bağlı idi. Bu siyasət qanunvercilikdə geniş təsbit olundu. Təsadüfi deyil ki, şərqdə ilk dəfə olaraq ölüm cəzasının icrası təxirə salındı və daha sonra isə Azərbaycanda ləğv edildi. Azərbaycanda əfvetmə institutunun formalaşması prosessi də dərinləşməyə başladı. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyası yaradıldı. Heydər Əliyev 1995-2003-cü illərdə 32 əfv fərmanı imzaladı. Bu fərmanlar 3104 məhkumu azadlığa çıxardı, ailələrinə qovuşdurdu. Bunlardan başqa, Prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun qəbul etdi. Amnistiyalar nəticəsində 20 mindən çox məhkum azadlığa buraxıldı. Heydər Əliyevin apardığı hüquq islahatlarının ən vacib tərkib hissəni məhkəmə islahatları təşkil edir. Vaxtı ilə Heydər Əliyev ABŞ-da "Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir" adlı beynəlxalq konfransda bu barədə deyirdi: "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu". Qeyd etmək lazımdır ki, bu humanizm siyasəti uğurlu siyasi varis cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Ölkənin Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə davamlı olaraq amnistiya aktları haqqında qanun layihələri qəbul edildi.

Azərbaycan məhkəmə-hüquq sistemi yeni inkişaf mərhələsi isə cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev bütövlükdə məhkəmə sisteminin nüfuzunun artırılması ilə bağlı sistematik tədbirlər həyata keçirir. "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il tarixdə imzaladığı Fərman böyük əhəmiyyətə malikdir. Cənab İlham Əliyev özü bu sahədə həm də marifləndirici iş aparır. Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda cənab İlham Əliyev deyir: "…məhkəmə-hüquq sisteminin davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olmuşdur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir".

Göründüyü kimi müstəqil Azərbaycanın qurucu lideri Heydər Əliyevin başladığı hüquq islahatları uğurlu siyasi varisi tərəfindən mükəmməl şəkildə davam etdirilir. Bu isə hüquq islahatlarının insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunmasına imkanlar yaradacağına böyük inam yaradır.

Ənnağı Məmmədli

Salyan Rayon Məhkəməsinin hakimi