Dekabrın 31-də, yola salmaqda olduğumuz 2019-cu ilin son günündə Yaponiya KİV-lərinin ən çox diqqət ayırdığı mövzu “Renault” – “Nissan” – “Mitsubishi” şirkətlər alyansının sabiq meneceri Karlos Qonun gözlənilmədən Yaponiyanı tərk etməsi xəbəri olub.
E-huquq.az xəbər verir ki, hətta K.Qonun yapon vəkilləri belə onun heç kimə xəbər vermədən Tokionu tərk edərək Livana yollanması barədə xəbərdən şoka düşdüklərini bildiriblər. Həmin gün keçirilən mətbuat konfransında K.Qonun vəkillər qrupunun rəhbəri Cuniçoro Hironaka qeyd edib ki, sabiq menecerin bütün xarici pasportları hazırda da onlardadır.
Vəkilin sözlərini sitat gətirən NHK telekanalı bildirib: “Bu xəbər məni çox çaşdırıb. Müştərimin ölkəni tərk etmək niyyəti barədə mənim heç bir məlumatım olmayıb”. Vəkil əlavə edib ki, K.Qonun malik olduğu üç xarici pasportun hamısı onlardadır və o, Yaponiyanı tərk etmək üçün həmin pasportlardan istifadə etməyib.
Artıq bir çox xarici informasiya mənbələri K.Qonun Beyrutdan verdiyi bəyanat barədə xəbərlər yayıblar. Həmin bəyanatda hazırda Livanda olduğunu təsdiq edən K.Qon Yaponiya məhkəməsini ədalətsizlikdə və insan haqlarına hörmət etməməkdə ittiham edib.
Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi də K.Qonun geri qaytarılmasının çox çətin olacağını bildirib. Belə ki, Yaponiya ilə Livan arasında cinayətkarların və təqsirli bilinənlərin mübadiləsi barədə razılaşma yoxdur.
NHK telekanalının yaydığı məlumatda Livan rəsmilərinin K.Qonun Tokionu başqa adla tərk etdiyini təsdiq etdikləri bildirilir.
Əlavə olaraq qeyd edək ki, 14 milyon dollar müqabilində zaminə buraxılan K.Qon məhkəməyədək Yaponiyanı tərk etmək hüququna malik deyildi. Onun məhkəməsinin isə gələn ilin yazına planlaşdırıldığı bildirilirdi.
Mənbə: AZƏRTAC
