Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanmış cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Azad Məcidovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 39 yaşlı Həşimov Anar Malik oğlu qısqanclıq zəminində həyat yoldaşı 38 yaşlı Həşimova Yaqut Himayət qızını qətlə yetirməkdə təqsirləndirilir. O, könüllü olaraq polisə gələrək təslim olub. A.Həşimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsilə ittiham irəli sürülüb.
Yaqut Həşimova müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O,“AzəriStar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.
Şəbnəm Mehdizadə
