Məzmuna keç

Təcili tibbi yardım məntəqələri hansı halda büdcə vəsaiti hesabına təşkil edilir?

Müvəqqəti təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin təşkili hansı halda büdcə vəsaiti hesabına yəni ödənişsiz hansı halda isə ödənişli əsaslarla mümkündür?

Öncəliklə onu qeyd edim ki, qeyd etdiyiniz məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Belə ki, Nazirlər Kabinetinin 5 nömrəli qərarının 5.5-ci maddəsinin icrasını təmin edilməsinə dair TƏBİB müşahidə şurasının qərarı və TƏBİB icraçı direktorunun əmri mövcuddur.

Yerli idarəetmə orqanlarının tələblərinə əsasən müvəqqəti təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin təşkili büdcə vəsaiti hesabına tibb müəssisələri tərəfindən o zaman göstərilir ki, kütləvi tədbirlər və hadisələr zamanı nümayişlər, milli bayramlar və s. olduqda. İdman oyunları, müxtəlif mədəniyyət tədbirləri zamanı, habelə istirahət zonalarında təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin təşkili və ambulans xidmətinin ödənişi isə tədbir təşkilatçılarının vəsaiti hesabına həyata keçirilir. Təşkilatçıların vəsaiti hesabına göstərilən xidmətin məbləğini TƏBİB-i tərəfindən təyin edilir. Göstəriləcək bu xidməti tibb müəssisələri ilə qurumlar arasında bağlanılan müqavilə əsasında mümkündür.

– Publik hüquqi şəxslər haqqında (29.12.2015-ci il tarixli, 97-VQ nömrəli) Azərbaycan Respublikasının qanununa əsasən Publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır (2.2). Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin (3.1). Publik hüquqi şəxs yalnız nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət ilə məşğul ola bilər (5.2). Publik hüquqi şəxsin nizamnaməsində göstərilənlərdən biri də əmlakının formalaşma mənbələri, maliyyə fəaliyyətinin əsasları, publik hüquqi şəxsin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətlərinin tənzimlənən qiymət olub-olmamasıdır (6.2.7).

– Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin (01.05.2023-cü il tarixli, 2130 nömrəli) fərmanına əsasən TƏBİB ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. TƏBİB bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər (1.4). Qanuna uyğun olaraq, TƏBİB-in əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır (1.6). Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, TƏBİB-in vəzifələrindən biri də “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müəyyən etməkdir (3.1.7). TƏBİB-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən və icbari tibbi sığorta fondundan ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır (5.2).

– İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin (10.01.2020-ci il tarixli, 5 nömrəli) qərarına əsasən Kütləvi tədbirlər və hadisələr zamanı (nümayişlər, milli bayramlar və s.) yerli idarəetmə orqanlarının tələblərinə əsasən, müvəqqəti təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin təşkili büdcə vəsaiti hesabına, idman oyunları, müxtəlif mədəniyyət tədbirləri zamanı, habelə istirahət zonalarında təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin təşkili və ambulans xidmətinin ödənişi tədbir təşkilatçılarının vəsaiti hesabına həyata keçirilir (5.5).

Rahim Abıyev

Hüquqşünas