“Hakimlərin maaşı artırılmalıdır”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Dövlət qulluqçularının, millət vəkillərinin, diplomatların, eləcə də hərbçilərin əməkhaqlarının artırılması müsbət addımdır. Lakin hesab edirəm ki, bu məsələlər həyata keçirilərkən hakimiyyət bölgüsü prinsipinə əsaslanaraq kompleks yanaşma tətbiq edilməli idi”, – deyə deputat qeyd edib.
F.Mustafa hakimlərin əməkhaqlarının artırılması məsələsinin təcili şəkildə həll olunmasının vacib olduğunu bildirib.
“Təsəvvür edin ki, hansısa məhkəmənin aparat rəhbəri məhkəmə sədrindən daha yüksək əməkhaqqı alır. Biz istəyirik ki, məhkəmələr daha ədalətli və şəffaf fəaliyyət göstərsin, obyektiv qərarlar qəbul etsinlər. Bu baxımdan hakimlərin əməkhaqqı məsələsinə olduqca həssas yanaşmağa borcluyuq”, – deyə F.Mustafa vurğulayıb.
Şəbnəm Mehdizadə
